Keçən illə müqayisədə əhali qripə qarşı peyvəndləmə prosesində daha aktiv iştirak edir

Müşahidələr keçən ilin eyni dövrü ilə müqayisədə əhalinin qripə qarşı peyvəndləmə prosesində daha aktiv iştirakını deməyə əsas verir. Bunu SİA-nın sualına cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, payız-qış mövsümündə kəskin respirator virus infeksiyaları əsasən hava-damcı və təmas vasitəsi ilə yayılır. “Bu infeksiyaların qarşısının alınması üçün spesifik və qeyri-spesifik tədbirlərin görülməsi xəstələnmə hallarının azaldılması və hospitalizasiyaya ehtiyacı olan şəxslərin sayının minimuma endirilməsi məqsədini daşıyır. Kəskin respirator virus infeksiyaları (KRVİ) arasında öz əlverişsiz gedişi, tez-tez fəsadlaşması ilə seçilən qrip infeksiyasıdır ki, buna qarşı ən təsirli mübarizə üsulu vaksinasiyadır. Bu il də Səhiyyə Nazirliyinin dəstəyi ilə qripə qarşı effektiv və təhlükəsiz peyvəndlər ölkəyə gətirilib və ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə paylanılıb. Bununla yanaşı, qripə qarşı vaksinasiyanın əhəmiyyəti barədə nazirliyin aparıcı mütəxəssisləri mediada dəfələrlə çıxış edərək əhalini ətraflı məlumatlandırırlar. Hazırda, qripə qarşı vaksinasiyanın əhatəsini əks etdirən statistik hesabatdan danışmaq çox tezdir. Qrip, o cümlədən digər respirator viruslar (adenovirus, paraqrip, rinovirus) ilə mübarizənin qeyri-spesifik tədbirləri ümumi olduğundan hər bir epidemik mövsümdə mediada KRVİ-lərdən qorunmaq yolları, respirator və əl gigiyenası tədbirləri, sağlam həyat tərzinə dair müxtəlif silsilə maarifləndirici məlumatlar və canlı yayımlar zaman-zaman öz əksini tapır”, - deyə mütəxəssis bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə