"Artıq uzun bir zamandır ki, ölkəmizdə və dünyada mal ətinə nisbətən toyuq ətinə də tələbat artıb. Əlbəttə ki, bu ilk növbədə qiymətlərin münasib olmasından qaynaqlanır. Çünki digər ətlərin qiyməti durmadan artır. Digər tərəfdən isə insanlar daha yüngül və dietik qida rasionuna üstünlük verirlər. Lakin bu tendensiya bəzən yanlış anlaşılır. Toyuq ətinin çox istehlakı sağlamlıq üçün risk yarada bilər". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev deyib.
Onun sözlərinə görə, toyuq əti yüksək keyfiyyətli zülal mənbəyidir: "Onun tərkibində insan orqanizmi üçün zəruri olan bütün amin turşuları var. Həmçinin toyuq əti B qrupu vitaminləri, dəmir, sink və selen kimi mikroelementlərlə zəngindir. Həm uşaqlar, həm yaşlılar, həm də idmanla məşğul olan insanlar üçün faydalı edir. Toyuq ətinin ən əsas üstünlüyü onun asan mənimsənilən olmasıdır. Bu hal xüsusilə həzm sistemi zəif olan insanlar üçün vacibdir. Bununla yanaşı çox miqdarda, həm də keyfiyyətsiz toyuq ətinin istehlakı sağlamlığa mənfi təsir göstərə bilər. Əgər toyuq yetişdirilməsi zamanı nəzarətsiz şəkildə yem əlavələri, böyümə stimulyatorları və antibiotiklərdən istifadə olunubsa, bu maddələrin qalıqları ət vasitəsilə insan orqanizminə keçə bilər. Uzunmüddətli dövrdə hormonal balans pozuntuları, allergiyalar və antibiotikə davamlı bakteriyaların yaranması kimi ciddi fəsadlara gətirib çıxara bilər. Toyuq ətinin sağlam faydaları yalnız bişirilmə üsulundan asılı olaraq qorunur. Yağda çox bişmiş, qızardılmış, hisə verilmiş toyuq məhsulları xərçəng riskini artıran heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər kimi zərərli birləşmələr əmələ gətirə bilər. Əgər rasionda yalnız toyuq əti üstünlük təşkil edirsə, digər mühüm qida qruplarından olan balıq, paxlalılar, tərəvəzlər, mal və qoyun əti kimi dəmir və B12 mənbələrinin qəbulu azalır. Bu da zamanla mikronutrient çatışmazlığı, xüsusilə də dəmir və B12 vitamininin azlığı ilə nəticələnə bilər.
Tibbi baxımdan qida balansı prinsipinə əməl olunması vacibdir. Təbii ki, toyuq əti rasionda olmalıdır. Amma digər zülal mənbələri ilə balanslaşdırılmalıdır. Həftəlik rasionda 2-3 dəfə toyuq və ya quş əti, 1-2 dəfə balıq, 1-2 dəfə mal və ya qoyun əti və ən azı 2 dəfə bitki mənşəli zülal balanslı şəkildə yer almalıdır. Əlavə olaraq deyə bilərəm ki, toyuq ətinin təhlükəsizliyi yalnız onun bişirilmə və saxlanma şəraitindən asılıdır. Toyuq ətini çiy halda digər qidalarla eyni lövhədə doğramaq, 65°C-dən aşağı temperaturda bişirmək salmonella və kampilobakter kimi bakteriyaların yoluxmasına səbəb ola bilər. Bu baxımdan gigiyena qaydalarına əməl etmək ən azı məhsulun mənşəyi qədər vacibdir. Əgər məhsul yerli istehsalçıdan, nəzarətli təsərrüfatdan alınırsa və düzgün bişirilirsə, bu qida sağlamlıq üçün çox faydalıdır. Nəzərə alaq ki, ucuzdur deyə, çox qəbul etmək prinsipi ilə gündəlik olaraq toyuq əti istehlak etmək uzunmüddətli dövrdə orqanizmdə zülal balanssızlığı və metabolik yüklənmə yarada bilər. Tövsiyəm o ola bilər ki, mənbəyi bəlli olmayan, etiketlənməmiş, soyuq zəncir tələblərinə əməl olunmadan satılan toyuq məhsullarından uzaq duraq. Sağlam və balanslı qidalanmanın əsası müxtəliflikdədir. Rasionda həm quş əti, həm mal əti, həm də bitki mənşəli proteinlər olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB