DİQQƏT: İnsanlar bu saatlarda açıq havada qalmaqdan çəkinməlidirlər - HƏKİM AÇIQLADI

"Yay mövsümündə ən çox rast gəlinən hallardan biri günvurma, digəri isə qida zəhərlənmələridir. Havanın temperaturunun artması və günəş şüalarının intensivliyi bədəndə istilik balansını poza bilər. Bu da xüsusən risk qrupuna daxil olan insanlar – yaşlılar, uşaqlar, xroniki xəstəliyi olan şəxslər üçün təhlükə yaradır. Termorequlasiya sisteminin zəifləməsi səbəbilə yaşlı insanların orqanizmi isti ilə daha çətin mübarizə aparır". Bu sözləri SİA-ya açıqlamasında ailə həkimi Fidan Həsənli deyib.

Onun sözlərinə görə, uşaqlarda isə dərinin qoruyucu funksiyası və mübadilə prosesi tam formalaşmadığından günvurma riski daha yüksək olur. Bundan əlavə, ürək-damar sistemi, tənəffüs sistemi, şəkərli diabet, bəzi autoimmun və onkoloji xəstəlikləri olan şəxslər, immuniteti zəif olan insanlar, eləcə də dərisində melanin az olan şəxslər (ağdərililər) günəş şüalarına qarşı daha həssas sayılır və günorta saatlarında, xüsusilə 12:00-dan 16:00-a qədər açıq havada qalmaqdan çəkinməlidirlər: "Profilaktik tədbir olaraq, həmin saatlarda açıq havada olmağa çalışmamaq, gün eynəklərindən, baş örtüyündən və günəş qoruyucu kremlərdən (SPF) istifadə etmək, kifayət qədər su qəbul etmək və fiziki aktivliyi minimuma endirmək tövsiyə olunur. Günvurma halı baş verdikdə isə zərərçəkən dərhal kölgəyə və ya sərin yerə aparılmalı, üst geyimi çıxarılmalı, bədənindəki artıq əşyalar uzaqlaşdırılmalı və bədənə, xüsusilə boyun nahiyəsinə soyuq kompress qoyulmalıdır. Əgər şüuru yerindədirsə, sərin su içirilməsi məsləhətdir. Lakin başgicəllənmə, halsızlıq, qusma, bayılma, yüksək bədən temperaturu, nəbzin sürətlənməsi, tərləmənin dayanması və huşun itirilməsi kimi hallar müşahidə olunarsa, dərhal Təcili Tibbi Yardıma məlumat verilməlidir. Günvurma həyati təhlükə daşıya biləcək vəziyyətdir və bu səbəbdən son dərəcə diqqətli olmaq vacibdir.

Yay mövsümündə rast gəlinən digər təhlükəli hal isə qida zəhərlənmələridir. İsti hava şəraiti bakteriyaların çoxalmasını sürətləndirdiyi üçün ət, süd məhsulları, yumurta, kolbasa və mayonezli yeməklər kimi məhsullar tez xarab olur. Bu cür məhsulların xüsusilə açıq havada – çimərlikdə, yarmarkalarda, küçələrdə – düzgün şəraitdə saxlanmaması zəhərlənmə riskini artırır. Dönər, toyuq salatı, buzlu içkilər kimi qidalar xüsusilə diqqətlə seçilməlidir. Bişmiş yeməklər otaq temperaturunda iki saatdan artıq saxlanmamalı, məhsul alarkən isə qablaşdırmanın şişməsinə, qoxusuna və rənginə diqqət edilməlidir. Son istifadə tarixi keçmiş, və ya şübhəli görünən heç bir məhsul istehlak olunmamalıdır. Zəhərlənmə halı adətən qida qəbulundan 1-12 saat sonra baş verir və simptomlar arasında mədə ağrısı, ürəkbulanma, qusma, ishal, baş ağrısı, halsızlıq, başgicəllənmə, ağız quruluğu və bəzən soyuq tərin gəlməsi qeyd olunur. Bu əlamətlər müşahidə olunduqda bol maye qəbul etmək önəmlidir. Dehidratasiyanın qarşısını almaq üçün su içmək, qida qəbulunu dayandırmaq və süd məhsulları, yağlı yeməklər, şirniyyat kimi qidalardan uzaq durmaq lazımdır. Mədəni sakitləşdirən qidalara – məsələn, banan, qara çörək, düyü – az miqdarda üstünlük verilə bilər. Zəncəfil və nanə kimi bitki çayları da faydalıdır. Lakin simptomlar 24 saatdan çox davam edərsə, mütləq tibbi yardıma müraciət olunmalıdır. Zəhərlənmə və günvurma halları yay aylarında ciddi təhlükə yarada bilər və onların qarşısını almaq üçün sadə profilaktik tədbirlər son dərəcə əhəmiyyətlidir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə