Parkinson xəstəliyinin ilkin əlamətləri NƏLƏRDİR? - MÜNASİBƏT BİLDİRİLDİ

"Parkinson xəstəliyi baş beyində dofamin sintez edən hüceyrələrin məhvi ilə müşahidə olunan xəstəlikdir". Bu sözləri SİA-ya açıqlamasında həkim-nevroloq Durna Ələkbərova deyib.

O bildirib ki, bu, bir il ərzində əmələ gəlmir, bir neçə il lazımdır ki, dofamin sintez edən, məhv olmuş hüceyrələr yığılsın, nəticədə parkinson xəstəliyi baş versin: "Bu, damar xəstəlikləri qrupuna aiddir. Yəni bu zaman baş beyində neyronların nəticəsində sinir impulslarının əzələyə ötürülməsinin qarşısı alınır. Dofamin, ümumiyyətlə, bizim hərəkətlərimizi təmin edir. Bunların da ölümü nəticəsində bizdə hərəkətlərin intensivliyi zəifləyir. Bu, ilk növbədə ətraflarda başlayır, ən çox da yuxarı ətraflarda. Xəstənin yuxarı ətrafında əsmə olur. Əsmə barmaqlarında olur, sanki pul sayır. Sonra getdikcə qarşısı alınmasa, bu, digər orqanlarda, aşağı ətraflarda da olur. Bəzən olur ki, xəstənin bütün bədənində əsmə yaşanır.

Bəzən parkinson xəstəliyinə səbəb xəstənin keçirdiyi güclü stress ola bilir. Güclü stress nəticəsində də xəstədə parkinson xəstəliyi yaranır.

Parkinson xəstəliyi:

1)Qara substansiyada dofamin sintezinin pozulması ilə müşahidə olunan neyrodegenerativ xəstəlikdir.

2) Assimetrik başlayır və əsasən əldə başlayır.

3) Sakitlik tremoru, əzələ gərginliyi, hərəkətin məhdudluğu, postural dayanıqsızlıq olur".

"Xəstəlik vaxtı erkən əlamətlər olanda pasiyent vaxtında həkimə müraciət etməlidir və beyin-qan dövranını yaxşılaşdıran dərman preparatları qəbul etməklə xəstəliyin erkən baş verməsinin qarşısını alırıq. Bir də stressdən uzaq durmalıyıq. Erkən əlamətlər varsa, xəstə artıq şübhələnməlidir ki, onda parkinson xəstəliyi ola bilər.

Erkən əlamətləri:

Hipoosmiya, qorxu-həyəcan, əhval-ruhiyyənin enməsi, qəbzlik, yuxu fazasının pozulması: yuxuda danışır, hərəkət edir. Sanki yuxunu canlı yaşayır.

Parkinson xəstəliyinin 5 stadiyası var:

1-ci stadiya - əlamətlər bir əldə olur.

2-ci stadiya - əlamətlər digər ələ də keçir.

3-cü stadiya - iki tərəfli simptomatika, müvazinətin pozulması və postural dayanıqsızlıq olur.

4-cü stadiya - yuxarıda qeyd etdiyimiz əlamətlərlə yanaşı, xəstənin kənar şəxsin köməyinə ehtiyacı olur.

5-ci stadiya - xəstə yatağa düşür.

Vaskulyar parkinsonizm ağırlıq dərəcəsinə görə 4-cü və 5-ci stadiya kimi dəyərləndirilir. Xəstə demək olar ki, çox tez bir zamanda yataq xəstəsi olur. Vaskulyar parkinsonizmin müalicəsində L-dofa preparatı və dofamin aqonistləri 30% halda effektli olur. Qalan vaxtda isə effektsiz olur" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə