"Allah insana bacarmadığı işi qanun kimi göndərmir" - MÜNASİBƏT BİLDİRİLDİ

"İslam şəriətində qüdrətin yetmədiyi hərəkətləri yerinə yetirmək qanun sayılmır". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.

O bildirib ki, Allah Qurani-Kərimdə buyurur ki, heç bir şəxsə bacarmadığı işi tapşırmaz: "Heç bir insan, heç bir dindar gücü çatmadığı, qüdrəti yetmədiyi qanunla mükəlləf olmaz. Yəni elə bir əməl yoxdur ki, insanın ona gücü çatmasın, amma Allah buyursun ki, bunu sən öz öhdənə götürməlisən. Ona görə də namaz və digər ibadətlərdə müxtəlif istisnalar qeyd olunmuşdur.

Namaz qılarkən ayaq üstə qalmaq vacibdir, zəruridir. Lakin ayaq üstə qala bilməyən insana qanun aid deyil. Səbəb nə olursa olsun, xəstəlik, şikəstlik, ayaq, bel ağrısı, amma doğrudan da, ciddi səbəb olsun. Bu insan, həqiqətən də, ayaq üstə qala bilməsin. Xoşlamır, diskomfort yaşayır və sair kimi məsələlər səbəb hesab olunmur. Onlardan biri də səcdə etmək, Allah qarşısında alnını yerə qoymaq məsələsində göz əməliyyatından çıxmış insanlara əyilmək, səcdəyə getmək vacib deyil. Səcdə olunan şeyi qaldırıb hündür yerdə qoyur və alnını onun üzərinə qoyur. Yaxud da, möhürü əli ilə qaldırıb elə istiqamətdə saxlayır ki, başını onun üzərinə qoyanda çox əyilməsin. Amma sabit şəkildə qalmalıdır. Eyni zamanda ayaq, bel ağrıları olan insanların oturaq halda namaz qılmalarında heç bir problem yoxdur. İnsan namazın hansı hərəkətlərini ayaq üstə yerinə yetirə bilirsə, ayaq üstə yerinə yetirməlidir, ayaq üstə yerinə yetirə bilmirsə, etməməlidir. Yəni Allah insana bacarmadığı işi qanun kimi göndərmir. Nə qədər bacarırsa, onu ayaq üstə etməlidir.

Hətta bəzi insanlar otura bilmirlər, yataq xəstəsidirlər. Onlar uzandıqları halda, ayaqları qibləyə olan şəkildə ibadətlərini yerinə yetirməlidirlər. Əgər sağ çiyni üstə üzü qibləyə uzana bilirlərsə, o halda yerinə yetirməlidirlər. Allah insana bacarmadığı işi məcbur olaraq vacib etmir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə