“Yaş artdıqca insanların psixoloji durumunda gərginliklər ortaya çıxır” - PSİXOLOQ DANIŞDI

"Yaş artdıqca insanın psixoloji durumunda dəyişikliklər yaranır. İnsan aşağı yaşlarda səbirli, təmkinli olur. Getdikcə isə daha səbirsiz, aqressiv, hadisələrə daha tez reaksiya verən birinə çevirilir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülnar Orucova bildirib.

Psixoloqun sözlərinə görə, insanlar getdikcə travmalar alır, gərginliklər yaşayır: “Bunların hamısı insanlara xoş olmayan təəssüratlar yaşadır. Buraya qorxu, narahatlıq, stress, gərginlik, depressiya daxildir. Bu kimi hallar yaşandıqda insan psixologiyası hər dəfə zərər görür. İnsanların psixologiyası hər stressə davam gətirə bilməz. Bəzi insanlar stressin təsirindən infarkt, insult keçirir. Stress insanın həyatında qalıcı xəstəliklər qoyur. Məsələn, şəkər xəstəliyi ola bilər. Stressdən insanlar əsəbiləşir, gərginləşir, daha çox qida qəbul edir.

Məlum məsələdir ki, ölkədə hər kəs psixoloqa gedib müalicə ala bilmir. Bütün bunların fonunda da insanlar daha ağır travmalara məruz qala bilir. Bütün bunlar insanlarda yaddaş pozğunluğu yaradır. Bəzən insanlar yıxılır, yaddaşını itirir. Bəzi insanlarda isə yaş artdıqca yaddaş zəifləyir. Bu ətraf mühitdə insanlardan, yaşadığımız cəmiyyətdən aldığımız gərginlik, travma, stress faktorları bunu bədənimizdə formalaşdırır.

Bəzi insanlar var ki, xərçəngdir, amma mübarizə əzmi var. Bəziləri isə şəkərdir, amma mübarizə əzmi yoxdur.

Bu baxımdan yaş artdıqca insanların psixoloji durumunda gərginliklər, problemlər ortaya çıxmağa başlayır”.

G.Orucova bildirib ki, yaşlı insanlarda problemlərin olması labüddür: “Yaş artdıqca insanın bədənində fizioloji olaraq bir sıra problemlər ortaya çıxır. Buraya sümük, ürək-damar xəstəlikləri daxildir. Eləcə də yaddaş problemləri də biruzə verir. Bunlar normaldır. Hazırda yeniyetmələrdə də yaddaş zəifliyini biz görürük. Yeniyetmələr deyir ki, "oxuyuruq, yadımızda qalmır". Ona görə ki oxumaq istəmir, yorulub, həvəsi yoxdur. Səbəblər bunlardır. Çalışmalıyıq ki, sinir sistemimizin qayğısına qalaq. Bəzən biz əsəbiləşirik, elə bilirik ki, bu keçir. Əslində, keçmir. Beynimizdə sinir hüceyrələri ölür. Sinir hüceyrələri ölürsə, onların yeniləri yaranmır. Bu səbəbdən də gələn dəfə daha əsəbi oluruq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə