Özbəkistan TDT-nin Dəmir Yolu Administrasiyaları Şurasının yaradılmasını təklif edib

Özbəkistan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində mənzil-qərargahı Daşkənddə yerləşəcək Dəmir Yolu Administrasiyaları Şurasının yaradılmasını təklif edib. SİA xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şafkat Mirziyoyev TDT-nin dövlət başçılarının iyulun 6-da Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

“Ötən həftə Daşkənddə yaradılmış Türk Dövlətlərinin Logistika Mərkəzləri və Yükgöndərənlər Alyansının gündəliyin formalaşmasına və təşkilatımızın nəqliyyat sahəsində prioritet vəzifələrinin həyata keçirilməsinə geniş şəkildə cəlb edilməsini məqsədəuyğun hesab edirik. Əminəm ki, təşkilat daxilində Dəmir Yolu İdarələri Şurasının yaradılması və onun mənzil-qərargahının Daşkənddə yerləşdirilməsi təklifini qəbul edəcəksiniz”, - o bildirib.

O qeyd edib ki, TDT ölkələri qətiyyətlə əsas dünya bazarlarına çıxışa və Böyük İpək Yolunun yeni tarixi şəraitdə dirçəldilməsinə yönəlib.

Ş.Mirziyoyev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma həcmlərinin daim artdığını da qeyd edib: “Biz ticarət və nəqliyyat nazirlərinə növbəti sammitimizə qədər beynəlxalq dəhlizlərin imkanlarından maksimum səmərəli istifadə etmək, avtomobil daşımalarının tam rəqəmsallaşdırılması və “yaşıl dəhlizlər”in yaradılması üçün birgə kompleks tədbirlər hazırlamaları barədə tapşırıq verə bilərdik”.

Bütün xəbərlər Facebook səhifəmizdə