ANAMA sədri mina probleminin həllində davamlı dəstəyin əhəmiyyətindən danışıb - FOTO

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramının (BMTİP) nümayəndələri, eləcə də Avropa İttifaqına bir sıra üzv dövlətlərin səfirləri və regionumuza məsul diplomatlar ilə görüşlər keçirib. ANAMA-dan SİA-ya bildirilib ki, iyulun 4-də COEST (Avropa İttifaqının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupu) nümayəndələri ilə keçirilən görüşün başlıca məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina problemi, onun aradan qaldırılması istiqamətində qarşıda duran vəzifə və hədəflər, eləcə də mövcud, gələcək beynəlxalq əməkdaşlıq imkanlarına dair müzakirələrdən ibarət olub.

İyulun 5-də Brüsseldəki BMT evində keçirilən görüş ölkəmizin Belçika Krallığındakı səfirliyinin və BMTİP-in Brüssel ofisinin birgə təşkilatçılığı ilə baş tutub.

Vüqar Süleymanov qeyd edib ki, regionun inkişafına, insanların həyat və sağlamlığına, ətraf mühitin canlanmasına mina və digər partlayıcı qalıqlar ciddi təhlükə törədir. Problemin həllinə nail olmağın yolu kollektiv səy və möhkəm tərəfdaşlıq tələb edir. ANAMA sədri Aİ, BMTİP və Azərbaycana dəstək göstərən dövlətlərə minnətdarlıq ifadə edib, problemin həcmini nəzərə alaraq davamlı və geniş dəstəyin əhəmiyyətini vurğulayıb.

Görüşdə BMTİP və Aİ-nin dəstəyi ilə yaradılması nəzərdə tutulan Azərbaycanda Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzinin qlobal miqyasda ən yaxşı təcrübələrin paylaşılmasında əhəmiyyətli rolu diqqətə çatdırılıb.

Eyni zamanda, Belçika Krallığının mina sahələrinin xəritəyə alınması və tədqiqatında dronların istifadəsi ilə bağlı təcrübəsinin öyrənilməsi üçün Droneporta səfər edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə