“Şuşada keçiriləcək zirvə görüşü TDT-nin inkişafında yeni mərhələyə yol açacaq” - ŞƏRH EDİLDİ

“Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə Görüşü türk xalqlarının həyatında mühüm əhəmiyyət kəsb edən tarixi hadisədir. Şuşa artıq türk xaqlarının ortaq dəyərlərini, tarixini, mədəniyyətini bir araya gətirən şəhərə çevrilib. Bu da təsadüfi deyil. Çünki türk xalqlarının tarixində ilk dəfə türk dövlətlərinin təhlükəsizlik konsepsiyasının əsası məhz bu şəhərdə, tarixi Şuşa Bəyannaməsi ilə qoyulub”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, iyulun 5-də Şuşada keçiriləcək Zirvə Görüşü regionda və dünyada cərəyan edən mühün tarixi hadisələr fonunda baş tutacaq və istisnasız olaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya prosesinin sürətlənməsinə xidmət edəcək:
“Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpa olunması ilə nəticələnən Zəfərin zirvəsi Şuşanın misli görünməmiş bir rəşadətlə işğaldan azad edilməsidir. Şuşanın yenidən öz sahibinə qaytarılması uğrunda aparılan müqəddəs mücadilə bütün türk xalqlarının qürur mənbəyidir. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin torpaqlarımızın azad edilməsi uğrunda nümayiş etdirdikləri misilsiz qəhrəmanlıq nümunələri türk dünyasını özünə qaytarıb, gələcəyə daha böyük inamla baxmasına imkan verib.

44 günlük müqəddəs savaş günlərində bütün türk dünyasının ürəyi Azərbaycanda, Qarabağda döyünürdü. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi bütün qardaş xalqlar üçün böyük stimula çevrildi, türk dünyasının birliyinə və bu birlik üzərindən ortaq təhlükəsiz gələcəyin qurulmasına olan inam hissini artırdı. Məhz bu baxımdan, türk dövlətlərinin başçılarının Şuşada keçiriləcək zirvə görüşünün TDT-nin inkişafında və daha da möhkəmlənməsində yeni bir mərhələyə yol açacağını düşünürəm”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə