Böyrək xərçənginin yeni müalicə üsulları nələrdir? - NEFROLOQ AÇIQLADI
"Nefrologiya böyrək xəstəlikləri, böyrək xəstəliklərinin müayinəsi, müalicəsi, diaqnostikası haqqında bir elmdir. Yəni daxili xəstəliklərin bir sahəsidir. Biz uroloqlardan fərqli olaraq böyrəklərin sidik yollarının qeyri-cərrahi xəstəlikləri ilə məşğuluq. Yumaqcıq xəstəliklər, müxtəlif xəstəliklərə bağlı böyrəklərdə baş verən ikinci dəyişikliklər, məsələn diabetə bağlı diabetik infrapatiya, yüksək təzyiqə bağlı böyrəkdə olan dəyişikliklər, revmatoloji xəstəliklərə bağlı olan böyrəkdəki dəyişikliklər və bunların nəticəsi olaraq xəstələrimizdə yaranan kəskin və xroniki böyrək çatışmazlığı bizim əsas müalicə sahələrimizə aiddir". Bu sözləri SİA-ya açıqlamasında nefroloq Taleh Nağdəliyev deyib.
Onun sözlərinə görə, nefrologiya digər sahələrə nisbətən gənc sahədir: "Ötən əsrin 50-ci illərindən inkişaf etməyə başlayıb. Həmin dövrdən və bir az ondan əvvəl bizim xəstələri müalicə etdiyimiz dialez metodudur. Böyrək köçürmə kimi metodlar digərləri ilə müqayisədə yeni sayılır. Buna baxmayaraq, son illərdə bu sahənin maarifləndirilməsi ölkəmizdə də geniş yayılmaqdadır. Artıq çox vətəndaş bilir ki, hansı problemlə nefroloqa müraciət etmək olar. Onu da qeyd etmək istəyirəm ki, bizim xəstəliklər ilk vaxtlarda ciddi ağrı və şikayət yaratmır. Əgər pasientlər zamanında həkimə müraciət etmirlərsə, nefrologi problemi gecikmiş mərhələdə aşkar edirik. Hətta heç bir şikayəti olmayan vətəndaşların da il ərzində bir neçə dəfə böyrəklərini müayinədən keçirməyi məsləhət görərəm".
Nefroloq sözlərinə davam edərək bildirib ki, böyrəyin cərrahi və qeyri-cərrahi xəstəliklərini sadə şəkildə iki yerə bölmək olar: "Cərrahi xəstəliklərdə xəstələrin həkimə müraciət etməsinə daha çox rast gəlirik. Burada əsas əlamət ağrıdır. Məsələn, böyrək daşı xəstəliklərində uroloq cərrahlar onları əməliyyat edib problemi aradan qaldırırlar. Amma şəkərli diabetə bağlı böyrək zədələnməsində ola bilsin ki, illər ərzində heç bir əlamət göstərmədən davam etsin. Günün birində əldə, ayaqda şişlik, böyrək funksional testlərinin qanda yüksəlməsi, qan zülalının aşağı düşüb sidikdə zülalın aşkarlanması kimi əlamətlər özünü göstərir. Bu, gecikmiş mərhələ hesab olunur. Bəzən də xroniki böyrək çatışmazlığının sonuncu mərhələsinə gəlib çatır. Ən yaxşı halda uyğun donor tapılanda böyrək köçürmə kimi daha müasir metoddan istifadə edə bilirik".
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB