İmmuniteti hansı təbii vasitələrlə gücləndirmək olar? - HƏKİM DANIŞDI

"Bizim orqanizmə hansı qidaların lazım olduğunu bilmək sağlamlığımız və güclü immun sistemimiz üçün çox vacibdir. Daha güclü immun sisteminə sahib olmaq üçün bəzi qaydalara riayət etmək tövsiyə olunur. Bədən çəkisini nəzarətdə saxlamaq, yəni artıq çəki qazanmamaq, eyni zamanda sürətli bir şəkildə arıqlamaqdan çəkinmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında terapevt Zakir Quliyev deyib.

Z.Quliyev bədənin mayeyə olan ehtiyacı qədər su içməyi məsləhət görüb: "Əgər ürək-damar sisteminizdə və böyrəklərdə hər hansısa bir probleminiz varsa, içəcəyiniz mayenin miqdarını öz həkiminizlə və ya müalicə edən mütəxəssislə məsləhətləşin. Eyni zamanda, yuxu rejimi güclü immunitetin əsas şərtlərindən biridir. Aparılmış elmi araşdırmalar göstərir ki, keyfiyyətli yuxu ilə güclü immunitet arasında birbaşa əlaqə var".

"“Fast food”dan uzaq durun, çünki bu qidaların kaloriyası yüksək olmasına baxmayaraq immun sistemə çox da müsbət təsir göstərmir. Keyfiyyətli və balanslaşdırılmış qidalanın. İmmun sistemini gücləndirmək üçün ən yaxşı üsullardan biri çoxlu meyvə-tərəvəz yemək və mövsümə uyğun təbii şirələr qəbul etməkdir. Ümumi gigiyenaya, əsasən də əllərin gigiyenasına diqqət yetirmək vacibdir. Belə ki, sadə şəxsi gigiyena qaydalarına riayət etmək sağlamlığın qorunmasına və möhkəmlənməsinə kömək edir.

Müntəzəm olaraq idmanla məşğul olmaq güclü immun sistemi üçün vacibdir. Elmi araşdırmalar göstərir ki, idman immunitet sistemini aktivləşdirir. Pis vərdişlərdən (tütünçəkmə və spirtli içkilərdən istifadə) mümkün qədər uzaq olmaq vacibdir. Əsəb və stressdən maksimum uzaq durmaq lazımdır. Bundan əlavə, vitamin D immun sisteminin stimullaşdırılmasında vacib rol oynayır. Vitamin D hüceyrə mikromühitində metabolik stresi azaldaraq orqanizmin təbii immunitetini dəstəkləyən bir vitamindir. Bədənin D vitamini sintezinə olan ehtiyacının 90%-i dəri tərəfindən günəş işığı ilə qarşılanır.

Günəş işığından başqa ayran, pendir, qatıq, bitki yağı, balıq və balıq məhsulları, qaraciyər, yumurta sarısı, göbələk D vitamininin ən əhəmiyyətli mənbələrindəndir. Həmçinin D vitamini xəstəliklərə səbəb olan virus və bakteriyalarla mübarizə aparır",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə