Qızılcaya qarşı qabaqlayıcı tədbir olaraq NƏ ETMƏLİ? - HƏKİM AYDINLIQ GƏTİRDİ

“Qızılca xəstəliyi yoluxucu virus infeksiyasıdır. Adətən uşaqlar arasında yayılsa da, qızılca ilə istənilən şəxs xəstələnə bilər. Qızılca infeksion xəstəliyinə yoluxan şəxslərdə ömürlük immunitet yaranır və onlar yenidən bu virusa yoluxmur”. Bu sözləri SİA-ya açıqlamasında həkim infeksionist Adil Qeybulla deyib.

Onun sözlərinə görə, qızılcaya qarşı vaksin olunmuş şəxslərdə isə yoluxma halları müşahidə edilə bilər: “Bu zaman isə vaksin sayəsində xəstəlik müddəti daha yüngül keçir.

Nəzərə almalıyıq ki, vaksinasiya bu gün xəstəlikdən qoruna bilmək üçün yeganə yoldur. Buna görə də UNİCEF, Ümumdünya Səhiyyə Təşkilatı milli peyvənd təqviminin tətbiq edilməsini bütün ölkələrə məsləhət görüb. Azərbaycan da 1990-cı illərin əvvəllərində buna qol çəkib. Bu gün də qızılca virusuna qarşı peyvənd olunmaq bizim milli təqvimimizdə göstərilir və iki dəfə peyvənd olunmaq gərəklidir.

Təəssüflər olsun ki, valideynlər övladlarının peyvənd olunmasından boyun qaçırırlar. Buna görə də bu gün qızılcaya yoluxma hallarının artmasında bu məsələnin payı çoxdur. Qızılcaya yoluxma halları yüksək temperatur, halsızlıq, zəifliklə başlayır, daha sonra bədəndə səpkilər üzə çıxır. Belə olduqda xəstə dərhal yataq rejiminə keçməlidir. İstənilən halda qızılca ilə mübarizənin ən effektiv yolunun vaksinasiya olduğunu bilmək lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə