“Qızılca uşaqlar üçün müxtəlif risklər yaradır” - TƏBİB RƏSMİSİ

Daha bir uşaq qızılcadan vəfat edib. Artıq bir müddətdir, ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları müşahidə olunur. Ötən həftə Sabirabadda 1 yaşlı körpə qızılcadan vəfat edib. Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinad Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəriblinin də qızılcadan vəfat etdiyi bildirilir.

Qızılca uşaqlar üçün müxtəlif risklər yaradır və onun təsiri yüngül haldan şiddətlənərək ağırlaşa bilir. İlkin simptomlar soyuqdəymə simptomlarına bənzəyir. Yüksək hərarət, öskürək və burun axması olur. İnfeksiya irəlilədikcə xarakterik bir qırmızı səpki meydana çıxır ki, adətən bu, üzdən başlayır və bədənin digər hissələrinə yayılır. Yüksək yoluxucu təbiətinə görə bu simptomları erkən tanımaq və vaxtında həkim müayinəsi olduqca vacibdir. Həkimlə məsləhətləşmədən hansısa dərmanın qəbulu isə yolverilməzdir. Mövzu ilə bağlı TƏBİB-in şöbə müdiri Nəzrin Mustafayeva SİA-ya açıqlama verib.

Onun sözlərinə görə, hazırda ölkə ərazisində qızılcaya yoluxma halları nəzarət olunan səviyyədədir: "Tək-tək olsa da, ağırlaşmalar qeydə alınır. Bu xəstəlik virus nəticəli xəstəlik olub uşaqlıq dövrünün xəstəliklərinə aid edilir. Qızılcaya qarşı xüsusi spesifik müalicə mövcud deyil, əksər hallarda yüngül simptomlarla keçir və ev şəraitində öz-özünə müalicə olunaraq sağalır. Peyvənd olunmamış şəxslərdə bilirik ki, bu xəstəliyə qarşı yeganə və effektiv qorunma üsulu peyvənddir. Peyvənd olunmamış şəxslərdə ağırlaşma halları müşahidə oluna bilir. Bol maye qəbulu, qıcıqlandırıcı qida məhsullarından imtina etmək, eləcə də, uşaqların qida rasionunu bol vitaminli, zülallı, minerallı məhsullarla genişləndirmək tövsiyə olunur. Qızılcaya yoluxmuş uşağın təcrid edilməsi virusun başqalarına, xüsusən də, peyvənd olunmamış və ya daha yüksək risk altında olanlara yayılmasının qarşısını alır. Zəruri hallarda stasionar müalicə ehtiyacı yaranan qızılca xəstələrinin bütün xərcləri xidmətlər zərfinə daxildir və İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir”.

Qeyd edək ki, Bakı şəhəri üzrə Təhsil idarəsinin məlumatına görə şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər artıq 14 gün müddətinə distant formada keçiriləcək.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə