“Heydər Əliyev ili”nə həsr edilmiş “Kardiologiya yeni çağırışlar – 2023”

9 dekabr 2023-cü il tarixində Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə “Heydər Əliyev ili”nə həsr edilmiş “Kardiologiyada yeni çağırışlar–2023” mövzusunda beynəlxalq elmi konqres keçirilib. SİA xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov tədbirdə açılış nitqi ilə çıxış ediblər. Onlar Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar, konqresin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar, konqresin işinə uğurlar arzulayıblar.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov “İşemik ürək çatışmazlığında revaskulyarizasiyanın yeri: kimə və hansı yol?” mövzusunda təqdimatla məruzə edib.

“Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirdə, həmçinin, Milli Məclisin deputatları, Azərbaycan Tibb Universitetinin tələbələri, ali təhsil və tibb müəssisələrinin nümayəndələri, Azərbaycan və Türkiyənin tanınmış elm xadimləri və “ETKİ könüllüləri” iştirak ediblər.

Üç yüzə yaxın həkimin iştirakı ilə keçirilən tədbirdə tibbdə yeni istiqamət olan kardiologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə