İnsanların həyatında xilaskar rolunu oynamaq necə bir duyğudur? - MÜSAHİBƏ

Hər il oktyabrın birinci bazar ertəsi dünya həkimlərinin həmrəylik və fəal əməkdaşlıq əlaməti olaraq Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. SİA xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin rəisi, travmatoloq-ortoped Ramin Rzayev həkimlik peşəsi ilə bağlı suallarımızı cavablandırıb.

- Ramin həkim, insanların həyatında xilaskar rolunu oynamaq necə bir duyğudur?

- Həkimin peşəkarlığı sayəsində bir pasiyentin sağlamlığında yaranmış patologiyadan qurtulması həm pasiyentdə, həm də tibbi personalda yaratmış olduğu xoş hisslər - çox gözəl duyğulardır. Çünki həkim peşəsi olduqca məsuliyyətli və çətindir. Bu qədim sənəti seçən hər kəs daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən zövq almalıdır. Bəzən insanları düşdükləri ağır vəziyyətdən çıxarmaq üçün, həyatda qalmaları üçün qəti qərarlar verməli olursan. Burada səhv qərar yolverilməzdir. Bəlkə də başqa sahələrdə mümkündür, amma həkimin kiçik bir səhvi hər şeyin üstündən xətt çəkər, insan sağlamlığına ciddi xələl verə bilər. Ən çətin vəziyyətlərdə düzgün qərar vermək insan həyatını xilas edə bilər.

Tibbdə həkimin vəzifəsi xəstəyə yardım etmək, onu ağır vəziyyətdən çıxarmaqdır. Hər dəfə ehtiyacı olan insanlara yardım etməyi özümə borc bilirəm. Mən ixtisasca travmatoloq-ortopedəm, mənə müraciət edən insanlar hansısa travma almış və ya digər ortopedik patologiyalara bağlı yeriməkdə, oturmaqda, durmaqda, gəzməkdə çətinliyi olan pasiyentlərdir. Hansısa xəstəyə ayaq üstə durmağa, normal, gündəlik iş rejiminə qayıtmağa yardım edə bilirəmsə, deməli, həkimlik borcumu yerinə yetirmişəm. Bu hissi təsvir etmək çətindir. Axı insanın sahib olduğu ən gözəl nemət onun can sağlığı, sağlamlığıdır. Kiminsə həyatını xilas etdikdə, özümü çox xoşbəxt hiss edirəm deyə bilərəm.

- Bir həkimin insanlarla rəftari necə olmalıdır?

- Həkim öz rəftarı, davranışı, dünyagörüşü ilə digər peşə sahiblərindən fərqlənməli və özünə inam yaratmağı bacarmalıdır. Çünki xəstənin həkimə inamı olmadıqda onun müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Həkimin qayğısı, səmimiyyəti, hər xoş sözü xəstəsinin ürəyinə məlhəm kimidir. Baxın, insan xəstə olduqda, hər hansı yeri ağrıdığında həkim ona ən yaxın şəxs, doğması olur. Ona görə də, həkimlər elə ünsiyyət qurmalıdır ki, xəstələr özlərini rahat hiss etsinlər və narahatlıqlarını onlarla bölüşə bilsinlər.

- Peşəkar həkim olmaq üçün nə etmək lazımdır?

- Həkim başa düşməlidir ki, kiminsə həyatı üçün məsuliyyət daşıyır, çünki insanlar onlara sağlamlıqlarını etibar edir. Müasir tibb çox inkişaf etmişdir. Hazırda dünyanın inkişaf etmiş ölkələrində yeni texniki avadanlıqlar istehsal edilir, cihazlar hazırlanır-təkmilləşdirilir, müxtəlif patologiyalarda protokollar hazırlanır, yeni müalicə üsulları tətbiq edilir. Bütün bunlardan xəbərdar olmaq üçün həkim çalışmalıdır ki, tibbin ən son nailiyyətlərini izləsin, öyrənsin, digərlərinin təcrübəsindən yararlansın, onu öz təcrübəsində tətbiq edə bilsin. Hər bir peşədə olduğu kimi, daim oxumaq, öyrənmək və təkmilləşmək lazımdır!

Müsahibəni apardı:
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi Dilara Zamanova

Bütün xəbərlər Facebook səhifəmizdə