"Bu gün hər kəsi maraqlandıran sual yenidən qapanmaların olub-olmamasıdır. Əvvəla onu aydınlaşdıraq ki, viruslar heç vaxt yox olmur və biz daima onlarla yaşayırıq. Covid-19 virusunun törətdiyi pandemiya təkamül prosesində yayılmış yeni bir virus idi. Yəni, bundan əvvəl də viruslar var idi. Belə ki klassik qripin müxtəlif ştamları, yaxud quş və donuz qripi virusların törətdiyi infeksion xəstəliklərdir. Amma bu xəstəliklər pandemiya şəklində deyil, lokal və mövsümi olaraq təzahür etdilər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin deputatı İlham Məmmədov deyib.
Onun sözlərinə görə, Covid-19 pandemiyası dünyaya gözlənilməz hadisələrə hazır olmağı öyrətdi: "Yəni, bu müddət ərzində bütün dünyanın qapanması pandemiya ilə mübarizədə bizə bir çox vərdişləri aşıladı. Bu vərdişlər pandemiya ilə mübarizənin qızıl qaydalarıdır. Məsələn, məsafə saxlamaq, maskadan istifadə etmək, kütləvi yerlərdən uzaq durmaq, sanitar-gigiyenik normalara əməl etmək bura aiddir. Təbii ki cənab Prezidentin rəhbərliyi ilə ölkəmiz koronavirusla mübarizədə dünyada bir nümunə oldu. Burada insanlarımız da anlayışlı davrandı və ÜST-ün, TƏBİB-in, Səhiyyə Nazirliyinin birgə fəaliyyəti nəticəsində ölkəmiz pandemiyadan üzü ağ çıxdı".
İlham Məmmədov sözlərinə belə davam edib: "Bir həkim kimi güman etmirəm ki, koronavirus pandemiyası zamanında olduğu kimi qapanmalar baş versin. Ayrı-ayrı müəyyən məhdudiyyətlər ola bilər. Bu da fərdi yanaşma ilə mümkündür. Məsələn, hansısa məktəbdə şagirdlərin kütləvi yoluxması olarsa, orada karantin tətbiq edilir.
Virusların mutasiyaya uğrayaraq insan orqanizminə uyğunlaşması insana zərər verə biləcək halını aradan qaldırıb. Təbii ki, biz mövsümi olaraq hər il qripə yoluxma hallarına rast gəlirik. Bu il də onun yeni ştamının təzahür etməsi gözləniləndir və artıq bu var. Ən yaxşı mübarizə üsulu koronavirus pandemiyası zamanı əldə etdiyimiz vərdişlərə dəqiqliklə əməl etməkdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə