"Son günlər havaların soyuq keçməsi ilə əlaqədar olaraq, uşaqlar arasında bir sıra viruslu infeksiyalar yayılıb". Bunu SİA-ya açıqlamasında pediatr Nigar Abdullayeva deyib.
Onun sözlərinə görə, bu virus daha çox kiçik yaş qrupu olan uşaqlar arasında yayılıb: "Çünki onların immuniteti daha zəif olur. Eyni zamanda, məktəbə və bağçaya gedən uşaqlar artıq kollektivdə olduqları üçün daha çox yoluxurlar. Bunun qarşısını almaq üçün nə etmək lazımdır? İlk növbədə tədris mərkəzlərində, məktəblərdə və bağçalarda bir otaqda, yəni bağlı bir məkanda çox uşaq olduğu üçün yoluxma ehtimalı daha da artır. Ona görə də, otaqlar tez-tez havalandırılmalı, gigiyenik qaydalara riayət olunmalıdır. Uşaqların əlləri tez-tez yuyulmalı, bağçalarda onların oynadıqları oyuncaqlar və məktəbdə partaların üstü silinməlidir. Həmçinin, xəstə uşaq kollektivə buraxılmamalıdır. Bəzi virus infeksiyaları var ki, onlardan ağırlaşmanın qarşısını peyvəndlər vasitəsilə ala bilirik. Bir sözlə, valideynlər uşaqlara peyvəndləri vaxtlı-vaxtında vurdursunlar və mütləq şəkildə bu, məsləhət görülür. Daha sonra uşaqların immunitet sisteminin möhkəmləndirilməsi üçün qidalanmalarına fikir verilməlidir. Hər gün uşaqların qida rasionunda meyvə-tərəvəz və süd, ət məhsulları olmalıdır. İldə bir iki dəfə mütləq böyük yaş qrupunda olan uşaqlar pediatr müayinəsində olmalıdır, profilaktik qan analizlərinə baxılmalıdır. Əgər qanazlığı varsa bunu aradan qaldırmaq lazımdır. Çünki qanazlığı uşağın immunitetini zəiflədir, uşaq daha tez-tez xəstələnir. Həkim məsləhəti ilə D vitamini mütləq praktik dozada təyin olunmalıdır. Çünki D vitamini uşaqlarda immunitet sisteminin möhkəmlənməsinə səbəb olur. Qeyd etdiyim bütün faktorlar həm gigiyenik qaydalara riayət olunması, həm də uşaqlara profilaktik peyvəndlərin vurulması və uşaqlarda immunitet sisteminin möhkəmləndirilməsi üçün görülən müəyyən tədbirlər uşaqlarda bu infeksiyalara sıx yoluxmağın və ağırlaşmaların qarşısını alacaq".
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB