"Bel ağrısı ilə müşayiət olunan xəstəliklər xeyli cavanlaşıb" - HƏKİM BİLDİRDİ

"Əvvəlki illərlə müqayisədə bel ağrıları şikayətləri və bel ağrısı ilə müşayiət olunan xəstəliklər xeyli cavanlaşıb. İlk növbədə, dayaq-hərəkət sistemində biomexaniki pozuntular, degenerativ dəyişikliklərin geniş yayılması, orqanizmdə durğunluq bu ağrıların səbəbi ola bilər. Təcrübəmdə hər ikinci pasiyent bel ağrısı ilə müraciət edir. Onlardan yarısı orta hesabla 25-35 yaşlı şəxslərdir. Onu da qeyd edim ki, əksər pasiyentlər qadınlardır. Bunun səbəbini araşdırarkən əksəriyyəti ya hamiləlik dövründə, ya da doğuşdan sonra ağrıların əmələ gəldiyini, yaxud artdığını qeyd edirlər". SİA xəbər verir ki, bu sözləri açıqlamasında həkim-nevroloq Mərziyyə Məmmədova deyib.

Onun sözlərinə görə, hamiləlik və analıq qadının orqanizmində xüsusi dəyişikliklərə səbəb olur: "Belə ki, hormonal fon dəyişir, əzələ-dayaq aparatına yük düşür və s. problemlər ortaya çıxır. Lakin bunlar hamısı zəif olan orqanizmin əlamətləridir ki, sonradan hamiləlik zamanı bu problemlərin daha da kəskinləşməsinə gətirib çıxarır".

Həkim sözlərinə davam edərək bildirib ki, beynəlxalq təsnifata görə, spesifik və qeyri-spesifik bel ağrılarına səbəbi bəlli olan onurğa sınıqları, anomaliyaları, törəmələri, sinir/kökcük/onurğa beyin sıxılmaları və s. aiddir: "Qeyri-spesifik bel ağrılarına onurğa əyrilikləri, əzələ ağrıları və s. şamil olunur. Eyni zamanda, qeyri-spesifik bel ağrıları mexaniki (lümbaqo) və qeyri-mexaniki ağrıya (mərkəzi sensitivlik sindromları, psixoloji problemlər və s.) bölünür".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə