Soyuq havalarda necə qidalanmalıyıq? - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

"Havaların soyuması ilə əlaqədar olaraq maddələr mübadiləsindəki, eyni zamanda hormonal balansdakı dəyişiklik bir çox hallarda insanların əhval-ruhiyyəsinə də təsir edir. Bəzən insanlar özlərini depressiyaya qapılmış kimi hiss edirlər. Belə olan halda insanın həm həyat, həm də iş qabiliyyəti aşağı düşür. Ona görə də yaxşı olar ki, payız mövsümü gəldikdə insanlar həyat tərzinə və qidalanma rejiminə diqqət etsinlər". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, ilk növbədə yuxu rejiminin düzgün şəkildə təmin olunmasını həyata keçirmək lazımdır: "Yuxudan ayıldıqda ən az 15 dəqiqədən sonra yataqdan qalxmaq tövsiyə olunur. Çünki kartizol hormonu insan yuxudan oyandıqda artıq aktivləşməyə başlayır. Oyandıqdan sonra 20 dəqiqədən artıq bir müddətdə yerində uzanıqlı qalmaq insan orqanizmində bir çox fəsadlara gətirib çıxarır. Qan dövranının yavaşlaması, gümrahlığın aşağı səviyyədə olması və gün ərzində yuxulu hiss etmək bu fəsadlara daxildir".

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, immunitetin aşağı düşməməsi üçün soyuq havalarda səhər yeməyinə xüsusi diqqət etməliyik: "Səhər yeməyində daha çox protein tərkibli qidalardan yumurta, süd, pendir, qaymaq, xama və s. qidalardan istifadə etmək tövsiyə olunur. Mövsümi meyvə-tərəvəzlər mütləq şəkildə qida rasionuna daxil edilməlidir. Tərəvəzlər lifli qidalar baxımından zəngindir ki, bu da bağırsaqların hərəkətliliyini təmin edir. Bağırsaqlar düzgün şəkildə çalışdıqda daha enerjili, daha sağlam oluruq. İmmun sisteminin güclənməsi məhz bağırsaqlardan asılıdır. İmmunitetin aşağı düşmə səbəblərindən biri də havalar sərinləşdikcə insan bədənində su miqdarının azalmasıdır. İnsan orqanizminin 60%-ni su təşkil edir və demək olar ki, orqanizmdə baş verən proseslər suyun hesabına olur. Əgər lazımi miqdarda su qəbul etməsək, orqanizmin susuzlaşması deməkdir. Bu da həm orqanizmin erkən qocalmasına və daxili orqanların pozulmasına gətirib çıxarır. Axşam yeməklərini isə yatmamışdan 3-4 saat qabaq tükətmək lazımdır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə