Soyuq havalarda immun sistemini nevə möhkəmləndirək? - HƏKİM AÇIQLADI

"Payız, xüsusilə də qış aylarında immun sisteminin zəifləməsi nəticəsində yuxarı və aşağı tənəffüs yollarının virus, bakterial infeksiya tutması ilə qarşılaşırıq. Bu, immun sisteminin zəif olduğu insanlarda özünü daha çox biruzə verir. Xroniki ürək-damar, şəkərli diabet, qaraciyər, böyrək və bu kimi xəstəlikləri olan insanlarda immunitet aşağı olur. Eyni zamanda, tez-tez xəstələnən və tam bərpa olma müddətləri az olan uşaqlarda virus infeksiyalarına yoluxmalar daha çox baş verir". Bu sözləri SİA-ya açıqlamasında terapevt Sübhan Hacıyev deyib.

Onun sözlərinə görə, bu insanların özünü qorumaq və immun sistemini aktivləşdirmək üçün payız-qış aylarında vitamin C, D, sink, selen kimi mikroelementlərdən istifadə etməsi lazımdır: "Gün ərzində 45-60 dəqiqə aralığında aktiv idmanla məşğul olmalı, günün 7-8 saatını tam yuxuda olmalıyıq. Qış aylarında daha çox ədviyyatlı və xəmir xörəklərindən daha çox istifadə etməliyik. İlin bütün fəsillərində kifayət qədər maye qəbul etmək məqsədəuyğundur. Hər insan öz çəkisini 30 ml-ə vurub nə qədər maye qəbul etməli olduğunu hesablaya bilər. Nəzərdə tutduğunuz mayeyə su və kompotlar aiddir. Çay və kofenin isə sidikqovucu effekti olduğu və qalıcı olmadığı üçün çox içmək lazım deyil".

"Soyuq aylarda yaxşı olar ki, qida rasionumuza soğan, sarımsaq, zəncəfil, limon, portağal, kivi, mandarin əlavə edək. Bu zaman immun sistemimizi təbii yolla möhkəmləndirmiş ola bilərik",- deyə o əlavə edib.

Ləman Sərrast

Bütün xəbərlər Facebook səhifəmizdə