Qriplə koronavirusa eyni anda yoluxmaq nələrə səbəb ola bilər? - HƏKİM AÇIQLADI

"Qrip və koronavirus hər ikisi əsasən yuxarı tənəffüs yollarında iltihabi prosesə səbəb olan, daha çox payız və qış aylarında rast gəlinən virus infeksiyalarıdır. Hər ikisində də bənzər əlamətlər qeyd olunur və yoluxma yolları eynidir".

Bu sözləri SİA-ya açıqlamasında mütəxəssis pediatr Yüksel Hüseynli deyib.

Pediatr bildirib ki, koronavirusda klinik gedişat daha kəskin olub, əsasən, tənəffüs yollarında, ağciyərlərdə daha kəskin iltihab törədir, xəstələrdə tənəffüs çatışmazlığı, nəfəsalmada çətinlik qeyd edilir: "Əlavə olaraq ishal, ürəkbulanma, iştahsızlıq, qoxubilmə qabiliyyəti itməsi də ola bilər. Mövsümlə əlaqədar olaraq, hər ikisinə də rast gəlinə bilər ki, bu da əsasən kollektiv mühitdə işləyən, geniş ailələrdə yaşayan, kütləvi nəqliyyatdan çox istifadə edən insanlarda ola bilər.

Eyni vaxtda yoluxma xəstəliyin klinik gedişatını ağırlaşdıra bilər ki, bu da immun sistemi zəif olan, şəkərli diabet kimi xronik xəstəliyi olan, onkoloji xəstəlikdən əziyyət çəkən şəxlərdə, yaşlılarda və körpə uşaqlara ciddi təsir edir.

Hər iki xəstəliyin klinik gedişatı birləşib superinfeksiyalaşmaya səbəb olur. Məktəb və universitetlərin açılması, havaların soyuması ilə bağlı iş yerlərində qapalı yerdə uzun müddət qalma yoluxmanı artıracağı üçün olduğunuz otağın havasını tez-tez dəyişin. Gündə bir neçə dəfə sabunla əllərin təmiz yuyulmasına diqqət edin, əllərinizi ağzınıza toxundurmayın və xəstə insanlarla yaxın təmasdan çəkinin. Bu şəkildə özünüzü xəstəliklərdən qorumuş olarsınız".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə