Ev üsulu konservləri hazırlayarkən və istifadə edərkən ehtiyatlı olun
Botulizm ev şəraitində hazırlanan müxtəlif turşular, mürəbbələr və kompotların istehlakı nəticəsində yaranan zəhərlənmələrdir. Botulizm zəhərlənmələri bəzən o qədər təhlükəli olur ki, ölümə belə səbəb ola bilir. Yaxın illər ərzində botulizm hadisələri zamanı müxtəlif yaş qrupunda olan insanlar vəfat edib. Pomidor turşusundan Kürdəmirdə 46 yaşlı qadın zəhərlənərək vəfat etdi, Qazaxın Daş Salahlı kəndində 11 yaşlı uşaq da eyni səbəbdən dünyasını dəyişdi, Göygöldə 52 yaşlı qadın da turşudan zəhərlənərək öldü, Salyan rayonunda yas mərasimində 31 nəfər də məhz pomidor və xiyar turşusu, Beyləqanda 5 nəfər pomidor zəhərlənməsi ilə bağlı xəstəxanaya çatdırıldı. Yaxın illərdə tanınmış professorun 26 yaşlı oğlu bu səbəbdən dünyasını dəyişdi. Xatırlayırsınızsa, bir neçə il əvvəl Gürcüstanda yaşayan 15 soydaşımız pomidor turşusundan zəhərlənmişdi, onlardan 3-ü dünyasını dəyişdi.
Botulizm zəhərlənməsini yaradan bakteriya “clostridium botulinum” adlandırılır. Əslində, bu bakteriyalar insan orqanizmi üçün təhlükəli deyil. Lakin bakteriyalar tərəfindən əmələ gətirilən toksin - botulotoksin dünyada ən güclü bioloji zəhərlərdən biri hesab edilir.
Məlumat üçün qeyd edək ki, “clostridium botulinum” bakteriyası torpaqda yaşayır, tərəvəzlərə, meyvələrə bu vasitə ilə keçə bilir. Ev şəraitində hazırlanan turşular, tərəvəz salatları, kompotlar, mürəbbələr üçün hazırlanan xammal kifayət qədər gigiyenik şəraitdə yuyulmadığı üçün düzgün sterilizasiya olunmur. Bundan sonra konservləşdirilmiş məhsullar uyğun temperaturda saxlanılmır və bu qidalardan qəbul edən insan botulizm xəstəliyinə tutulur. Daha təhlükəlisi isə odur ki, “clostridium botulinum” bakteriyası, məhz oksigen olmayan yerlərdə daha fəal şəkildə çoxalır və botulotoksin ifraz edir. Oksigeni olmayan kip qapalı konserv bankaları bu bakteriyalar üçün ən “münbit” şəraitdir.
Botulotoksin bizə neyləyir?
Həkim Sülhiyyə Mürsəlova bildirir ki, botulotoksin insan orqanizminə düşdükdən sonra qan axınına qoşularaq dərhal bütün orqanizmə yayılır, bunun nəticəsində əzələlərdə ifliclər yaranır: “Təxminən 6-7, bəzən isə 9-10 saatdan sonra xəstədə qəflətən ürəkbulanması, qusma, ishal yaranır, getdikcə görməsi zəifləyir, səsi xırıldayır, udması çətinləşir, tənginəfəslik yaranır, yerişini itirir. Zəhərləndiyini ehtimal edən insanlar ev şəraitində qatıq, ayran içərək özünü sağaltmağa çalışır. Doğru hərəkət deyil, botulizm zəhərlənməsi qatıqla təmizlənən zəhərlənmə deyil. Xəstəyə mütləq peşəkar tibbi yardım göstərilməlidir, əks halda, qana yayılan toksik maddə insanı öldürə bilər”.
Bəzən zəhərlənən insanın yaxınlıqdakı poliklinikaya müraciət etməsi də zəhərlənmənin qana yayılmasına rəvac verir. Həkim deyir ki, poliklinikada botulizm xəstələri üçün uyğun şərait yoxdur: “Orada uzaqbaşı bir sistem qoyulur, bir iynə vurulur, deyirlər get, daha yaxşısan, arxayın evə gələn xəstə qəfildən dünyasını dəyişir. Əgər zəhərləndiyinizdən şübhələnirsinizsə qeyd etdiyimiz əlamətləri hiss edən kimi təcili yardım maşını çağırın, təyinatlı xəstəxanaya gedin”.
Necə sığortalanaq?
Qeyd edək ki, mövsümü zəhərlənmələrə zamansız satışa çıxarılan meyvələr, keyfiyyətsiz dondurmalar, uyğun şəraitdə saxlanmayan şokaladlar, tortlar, balıq, ət və tərəvəz konservləri, hazır təklif edilən qidalar, habelə sərinləşdirici içkilər də səbəb ola bilər. Odur ki, balıq və ət konservlərini aldıqdan və istifadə etdikdən sonra yerdə qalanını öz qabında deyil, şüşə bir qaba boşaltmaq lazımdır, unutmayın ki, yalnız evdə qeyri-peşəkar üsullarla hazırlanan konservlər zəhərlənmə yaratmır, mağazalarda təklif edilən müxtəlif sənaye konservləri də botulizm xəstəliyinə səbəb ola bilər. Tərəvəz, balıq, ət konservləri aldıqda qablaşdırılmasına, xüsusilə də, istifadə müddətinə diqqət edin. Qapağı şişmiş konservlər təhlükəlidir.
Özünüzü qida zəhərlənmələrindən sığortalamaq üçün ev şəraitində hazırladığınız turşuları, mürəbbələri yalnız təzə və keyfiyyətli meyvə və tərəvəzlərdən hazırlayın, yaxşı olar ki, meyvə-tərəvəzi yuyarkən suya bir az sirkə əlavə edəsiniz. Bankalaın qapağını bağlama prosedurunu dəqiqliklə yerinə yetirin. Konserv hazırlayarkən bankaları 1 saatdan az olmayaraq sterilizasiya edin. Botulizmi törədən mikroblar yalnız güclü və düzgün sterilizasiya zamanı məhv olur.
Lalə Mehralı
Bütün xəbərlər Facebook səhifəmizdə