“Həkim məsləhəti” rubrikasında

“İşemik insultun qarşısını almaq mümkündürmü?”

Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyova “Həkim məsləhəti” rubrikasında “İşemik insultun qarşısını almaq mümkündürmü?” mövzusunda məlumat verib.
İşemik insult beynimizin qan tədarükü dayandıqda baş verir və nəticədə beyin hüceyrələri ölür. Yaş, irq/etnik mənsubiyyət və ya cins kimi insult üçün bəzi risk faktorları dəyişdirilə bilməz. Lakin dərman və həyat tərzi düzəlişləri ilə dəyişdirilə bilən bir çox risk faktorları var. Risk faktorlarınızı idarə etmək gələcəkdə insult keçirmə şansınızı azalda bilər.
Bəs insultun qarşısını necə almaq olar?
Ürək-damar problemləri insult ehtimalını xeyli artırır. Bunun bir səbəbi ürək xəstəlikləri və insult üçün risk faktorlarının oxşar olmasıdır. Ürəyinizə faydalı olan bir çox həyat tərzi dəyişiklikləri də insult riskini azaldacaq. Atrial fibrilyasiya xüsusilə insult riskini artırır. Əgər belə nizamsız ürək döyüntüsü probleminiz varsa, insult keçirmə ehtimalınız beş dəfə çoxdur. Ancaq diaqnoz qoyulduqda bir neçə müalicə variantı var və kardioloq və ya aritmoloq tərəfindən dəyərləndirilib uyğun müalicəni qəbul etmək lazımdır.
Normal qan təzyiqi 120/80 mm.c.süt-dan yüksək olmamalıdır. Qan təzyiqinin 130/80 mm.c.süt-dan yuxarı olması yüksək qan təzyiqi hesab olunur. Qan damarlarımızın divarına çox güclü təzyiq göstərdikdə, onları zəiflədə və insulta səbəb ola bilər.
Müntəzəm məşq etməklə, siqareti tərgitməklə, sağlam çəki saxlamaqla, stresi idarə etməklə, sağlam qidalanmaqla və duz qəbulunu gündə bir çay qaşığı ilə məhdudlaşdırmaqla qan təzyiqini aşağı sala bilərsiniz. Əgər bunlar kömək etmirsə, həkiminiz qan təzyiqi üçün dərman təyin etməyə qərar verə bilər.
Xolesterol damarların divarına yapışan lövhə əmələ gətirərək qan axını üçün kanalları daraldır. Yüksək LDL-in ("pis xolesterol" kimi də tanınır) insult üçün risk faktoru olduğu sübut edilmişdir. İnsult xəstələrində LDL-in 70 mq/Dl-dən az olması tövsiyə edilir. Alkoqol və duz qəbulunu azaltmaqla, sağlam çəki saxlamaqla, müntəzəm idman etməklə və paxlalılar, taxıllar və bəzi meyvələr kimi həll olunan liflə zəngin qidalar yeyərək xolesterolunuzu azalda bilərsiniz. Təyin edilmiş dərmanlar da xolesterolu idarə etməyə köməklik edə bilər.
Zamanla diabetin səbəb olduğu yüksək qan şəkəri qan damarlarının divarına zərər verə bilir, qan axınını məhdudlaşdırır. Qan şəkərinin monitorinqi və diabetinizi həkiminizin göstərişinə uyğun dərmanlarla müalicə etmək çox vacibdir. Balanslaşdırılmış pəhriz və müntəzəm məşq də diabeti nəzarət altında saxlamağa kömək edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə