Uşaqlara iştahartırıcı dərman vermək düzgündür? - RƏYLƏR

Bəzən mövsümlə əlaqədar və ya digər səbəblərdən uşaqlarda iştahsızlıq yaranır. Bu problemlə qarşılaşan valideynlər isə çarəni iştahartırıcı dərmanlarda görürlər. Lakin həkimlər iştahartırıcı dərmanların zərərli ola biləcəyi, buna ehtiyac olmadığı ilə bağlı xəbərdarlıq edirlər. SİA mövzu ilə bağlı pediatrların fikirlərini öyrənib.

Pediatr Amalya Muradova: "Yayda isti havalarla əlaqədar uşaqlarda iştahsızlıq yaranırsa şərt deyil ki, onu yemək yeməyə məcbur edək. Əgər uşaq bol-bol meyvə-tərəvəz yeyirsə, narahat olmaq lazım deyil. Mövsümlə əlaqədar olsa belə, uşaqlara iştahartırıcı dərmanın verilməsi məsləhət deyil. Çünki bu zaman mədədəki boşluq tədricən bərpa olunur. Qan azlığı, dəmir çatışmazlığı olan uşaqlarda da iştahsızlıq ola bilir. Belə hallarda isə müalicə edilərək problemin həlli aradan qaldırılmalıdır. Soyuqdəymə və ya yüksək temperatur hallarında da iştahsızlıq müşahidə oluna bilər. Lakin şərt deyil ki, iştahartırıcı dərmanlara üz tutulsun. Bu dərmanlar uşaq orqanizmi üçün zərərli ola bilər".

Pediatr Əkbər Quliyev: "Yay aylarında qidalanmaya xüsusi diqqət etmək şərtdir. Qidaların hansı şərait və qaydada saxlanmasına diqqət etmək lazımdır. Çünki yay mövsümündə bəzi fastfud, kremli qidalar, göbələk məhsullarının saxlanma şəraitinə ciddi fikir verilməyə bilir. Bu səbəbdən də uşaqların həmin qidalardan istifadəsinə icazə vermək olmaz.

Ümumiyyətlə çox qida istehlakı sağlamlıq demək deyil. Artıq yemək qəbulu orqanizm üçün zərərlidir. Yayda isti hava şəraiti insanda iştahasızlıq yarada bilir. Bu, normaldır. Ona görə də yüngül həzm edilən qidalara üstünlük verilməsini tövsiyə edirik. Buna ağartı məhsullarından qatıq, ayran, eləcə də tərəvəz və zülallı qidaları aid etmək olar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə