Günəş vannasını düzgün necə qəbul etməliyik? - MÜTƏXƏSSİS DANIŞDI

“Günəş vannası qəbul etməyin də öz qaydaları var. Belə ki, günəşlənmədən öncə günəş şüalarının zərərinə qarşı iki saatdan bir SPF kremlərindən, günəşlənmə bitdikdən sonra isə nəmləndirici kremlərdən istifadə etmək lazımdır. Günəşdən qoruyucu kremlərdən istifadə edərkən üz və bədən üçün fərqli SPF kremlər seçilməlidir. Üz üçün SPF kremlər çeşidli antioksidantlar və dərinin yaşlanmasına qarşı olan xüsusi qatqılardan hazırlanır. Bu kremlərdən istifadə edərkən üz dərisinin xüsusiyyəti - həssas və ya yağlı cild olması nəzərə alınması məsləhət görülür”. SİA xəbər verir ki, bu sözləri açıqlamasında həkim-mütəxəssis Yeganə Cəfərova deyib.

Onun sözlərinə görə, günəş vannasını günün müəyyən saatlarında qəbul etmək lazımdır: “Məsələn, saat 12:00-15:00 arası günəş şüaları qəbul etmək məsləhətli deyil. Çünki bu saatlarda günəş şüaları dəriyə kanserogen və yaşlanma təsiri göstərir. Lakin saat 12:00-dək və 15:00-dan sonra Günəş şüaları atmosferdən yerə yayılır, bu zaman isə ultrabənövşəyi şüalar daha az zərərli olur. Buna baxmayaraq, bu saatlarda da Günəş şüalarının zərərli təsirlərindən qorunmaq üçün SPF kremlərdən istifadə etmək lazımdır”.

Mütəxəssis sözlərinə davam edərək bildirib ki, əgər günəşləndikdən sonra dəri soyulmağa başlayırsa, bu, düzgün olmayan və keyfiyyətsiz günəş şüalarının təsirindən baş verir. Bu özü də dərinin birinci dərəcəli yanıq travması alması anlamına gəlir. Bu tip yanıqlar bəzən dəriyə su toplayır, bəzən isə dəridə su toplamamaqla təzahür edir”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə