Günəş eynəyi alarkən nələrə diqqət edilməlidir? - AYDINLIQ GƏTİRİLDİ

Yay fəslində insanların ən böyük ehtiyaclarından biri də günəş eynəyidir. Günəş eynəkləri təkcə aksessuar yox, həm də günəşli havada daha yaxşı görmək üçün istifadə olunur. Lakin hər eynək gözləri günəşdən qorumaq qabiliyyətinə malik deyil. Buna görə də günəş eynəyi seçərkən diqqətli olmaq lazımdır.

Günəş şüalarının gözə verdiyi zərərlər barəsində oftalmoloq-həkim Elnarə Cəlilova xəbərdarlıq edir: "İnsanlar çox zaman düşünür ki, günəş eynəyi ancaq aksessuar kimi istifadə edilə bilər. Lakin günəş eynəyinin xüsusiyyətləri çoxdur və onlar ancaq aksessuar kimi istifadə edilməməli, gözlərə zərər verməməlidir. Ona görə də eynək alarkan bir çox xüsusiyyətlərə fikir vermək lazımdır. Eynəklərdə rəngindən asılı olmayaraq ultrabənövşəyi şüalara qarşı filtr olmalıdır. Ultrabənövşəyi şüalara qarşı filtr isə 300-400-dən aşağı olmamalıdır. Filtri 400-dən yuxarı olan eynəklər daha keyfiyyətli olur və gözləri qoruyur. Saxta eynəklərdə isə bu filtr tərkibi yoxdur. Gözün hər təbəqəsinə ultrabənövşəyi şüalar uzunmüddətli düşərsə, gözlər zərər görür. Göz yaşı pərdəsinə təsir edir və onun quruması baş verir, gözyaşı pərdəsinin xüsusiyyətlərini dəyişdirir və gözü qoruya bilmir. Gözyaşı pərdəsi dəyişdikdə isə görmə qabiliyyəti azalır. Çünki gözün hər bir təbəqəsinin optik cəhətlərinin dəyişməsi görmə qabiliyyətinə təsir edə bilər. Uzunmüddətli şüalar buynuz qişasına, göz bülluruna təsir göstərə bilir. Büllurda bulanma, saralmalar, sklerotik dəyişikliklər baş verir. Görmə üçün vacib nöqtə olan makular zona da zərər görür. Bu hissədə lutein və zeaksantin tərkibi işıqdan çox istifadə edir. Nəticədə, bu zonanın zədələnməsinə görə müalicə edilə bilməyən makulodistrofiya xəstəliyi əmələ gələ bilər. Buna görə də lutein və zeaksantin çox işləndikcə, makulodistrofiya yaşla inkişaf edir, mərkəzi görməyə çox təsir edir. Təəssüflər olsun ki, bu xəstəliyə ölkəmizdə də tez-tez rast gəlinir və korluğa ən çox səbəb olan xəstəliklərdən biridir. Müalicə edilmədiyi üçün bu xəstəliyə mütləq gənc olarkən diqqət etmək lazımdır. Buna görə də daha keyfiyyətli eynəkdən istifadəni məsləhət görürəm. Filtrli eynəklər gözümüzü, görmə qabiliyyətimizi uzun müddətli qoruyur".

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə