Yayın gəlməsiylə qızmar günəşin dəriyə verdiyi zərərlər də artır. Ağrılı günəş yanıqlarına səbəb olan günəşin dəridə xərçəng yaratma kimi böyük riskləri də vardır. Günəşin fəsadları barədə SİA-ya açıqlamasında dermatoloq-həkim
Bəxtiyar Paşayev danışıb: "Günəşin bizim orqanizmimizə mənfi və müsbət təsirləri var. Günəşin şüalarının dəridə D vitamini sintezinə səbəb olması, əlval-ruhiyyəni artırması, serotoninin sintezini yaxşılaşdırması kimi müsbət təsirləri vardır".
Lakin günəşin xərçəng kimi mənfi təsirlərinin daha təhlükəli olduğunu qeyd edən həkim günəşdən qorunmağı məsləhət görür: "Günəşin ən təhlükəli mənfi təsiri təkrar və uzun müddətli günəşə məruz qalma nəticəsində dəri xərçəngi riskini yüksəltməsidir. Bazal hüceyrəli karsenoma, yastı hüceyrəli karsenoma, aktinik keratoz, melanoma kimi dəri xəçənglərinin yaranma riskini artırır. Günəşin əsasən iki spektri bunlara səbəb olur: ultrabənövşəyi şüaların A və B tipi. B tipi kanserogen sayılır və xərçəng yaratmada rolu var. A tipi isə daha çox erkən yaşlanmaya səbəb olur. Yəni günəşə uzun müddət məruz qalmaq qırışlar, dərinin solğun olması, dərinin quruması, dəridə ləkələrin yaranması, çillərin artması və daha da tündləşməsiylə nəticələnir. Bunun əlamətlərini kənd yerlərində, əkin sahələrində işləyən insanlarda görmək mümkündür. Dərinin daha uzun müddət günəşə məruz qalması nəticəsində günəş yanıqları baş verir. Günəş yanıqları diskomfortla yanaşı, dəri xərçəngi riskini iki dəfə artırır".
Bəs günəşdən necə qorunmaq lazımdır? B. Paşayev günəşdən qoruyucu kremlər barədə də danışıb: "Adətən, günəşdən qorunmağın üsulu “SPF” kremlərdən istifadə etməkdir. “SPF” ingilis dilində “sun protection factor” sözlərinin qısaltmasıdır – günəşdən qoruyucu faktor mənasındadır. Müxtəlif firmaların günəşdən qoruyucu kremləri vardır. Əsasən, günəşin ultrabənövşəyi şüalarının A və B tipindən qoruyan geniş spektrli kremlərdən istifadə etmək tövsiyə edilir. Çünki həm yaşlanma, həm də xərçəng riskini azaldır. Günəşdən qoruyucu kremləri günəşə çıxmamışdan 20 dəqiqə əvvəl dəriyə vurub çıxmaq lazımdır. Kremi dəriyə vurub dərhal çıxdıqda krem dəriyə hopmamış olur və dərini qorumur. Günəşə uzun müddət məruz qaldığımız təqdirdə isə hər iki saatdan bir günəş kreminin yenilənməsi lazımdır. Bədənin bütün günəşə məruz qalan və açıq hissələri günəşdən qoruyucu kremlə örtülməlidir. Üzə, qulağa, boyuna, açıq olarsa bel və ayaqlara günəşdən qoruyucu krem vurulmalıdır. Keçəl adamlar günəşdən baş dərisinə də üz kimi kimi krem çəkməlidir. Biz çox diqqət etməsək də hətta dodaqları da xüsusi SPF-li kremlərlə qorumaq lazımdır. Çünki əsasən günəşə çox məruz qalan alt dodaqda yastı hüceyrəli karsenoması xərçəngi yaranması riski yüksək olur. Günəşdən qoruyucu kremlərin suya davamlı olması və geniş spektrli olması məsləhət görülür. Lazımi qədər vurulması məsləhətdir. Üzü günəş kremiylə bütün örtmək üçün təxminən iki barmaq ölçüsündə və ya bir çay qaşığı miqdarında istifadə etmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB