Azərbaycan Pediatrlar Assosasiyasının 41-ci Milli Qurultayı keçirilib - FOTO

İyunun 22-də öz işinə başlayan Azərbaycan Pediatrlar Assosiasiyasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 41-ci Milli Qurultayının iyunun 25-də yekun toplantısı keçirilib.

Tədbirdə Beynəlxalq Pediatriya Assosiasiyası (IPA), Rusiya Pediatrlar İttifaqı, TƏBİB, Azərbaycan Tibb Universiteti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, digər səhiyyə təşkilatları və dövlət qurumlarından rəhbər şəxslər, millət vəkilləri, nümayəndələr, Azərbaycan, Türkiyə, Rusiya, eləcə də Avropa və Asiya ölkələrindən tanınmış səhiyyə işçiləri, elm xadimləri iştirak ediblər.

41-ci Milli Qurultayın elmi proqramı pediatriyanin müxtəlif problemlərinə həsr olunmuş 15 elmi paneldən ibarətdir.

Qurultay çərçivəsində konqreslərdə iştirak etmək üçün 350-ə yaxın pediatr qeydiyyatdan keçib.

Tədbirdə ilkin olaraq, Ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Səhiyyə nazirinin müavini İlqar Qasımov açılış mərasimində qeyd edib ki, erkən uşaqlıq dövründə ortaya çıxan problemlərin aradan qaldırılması vacib məsələdir. Bu məsələdə əsas ağırlıq ölkələrin səhiyyə nazirlikləri və pediatrların üzərinə düşür: “İnanıram ki, panel tədbirlərdə müzakirə ediləcək məsələlər uşaqların sağlam böyüməsinə öz töhvəsini verəsək. Ona görə, tədbir iştirakçıları diskusiyalara açıq olmalıdır”.

Ailə Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qeyd edib ki, pediatrlar ailələrimizin dəyərli varlığı olan uşaqların sağlamlığında cavadeh daşıyan şəxslərdir: “Ayrı-ayrı təşkilatlar olsaq da ümimi məqsədimiz sağlam uşaq böytməkdir. Çünki gələcək nəslimizin necə olacağı uşaqların sağlamlığından asılıdır. Dövlət uşaq siyasətinin də əsas məqsədi ölkədə sağlam uşaq böyütməkdən ibarətdir. Bu baxımdan uşaqların sağlamlığı dövlətin prioritet məsələlərindəndir. Bu sahədə təkmil qanunvericilik bazası var və qanunvericiliyimiz günü-gündən təkmilləşdirilir”.

Sədr müavini qeyd edib ki, ana və uşaqların sağlamlığı məsələsi də dövlətin nəzarətindədir: “Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır. Həmçinin vətəndaş cəmiyyətləri bu sahədə ciddi iş aparır. Valideyinlərin maarifləndirilməsi kimi vacib iş görürlər. Yaxşı olardı ki, gələcək tədbirlərdə valideyinlər də belə tədbirlərə cəlb olunsun. Bu zaman müzakirələrin nəticəsi daha uğurlu ola bilər”.

Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib ki, uşaq sağlamlığı ölkəmiz üçün prioritet məsələdir: “Bu nəsillərimizdən, milli adət ənənələrimizdən gələn fəaliyyət növüdür. Uşaq sağlamlığı təkcə tibbi baxımdan deyil, həm də onların mənəvi baxımdan yetişməsi, milli dəyərlərə sədaqətli olmaları üçün vacibdir.Odur ki, uşaq sağlamlığının qarşısında durmaq həkimlərin vacib vəzifə borclarındandır. Məhz bu məcbur edir ki, yeni bliklərə nail olaq. İcbari tibbi sığorta sahəsində uğura nail olsaq da elmi-tibbi yeniliklərin tətbiqinə ehtiyac duyulur. Çünki texnologiyalar ənənəvi bilgilərimizin tətbiqinə imkan verir. Pandemiya dövründə peyvəndlərin tətbiqi bunu bir daha təsdiq etdi. Doğru bilgi və doğru yanaşma nəticəsində texnologiyaların tətbiqi daha nəticəli olur. Amma bu texnologiyaların düzgün tətbiq edilməməsi ağrılı fəsadlara səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, xəstələrin müayinə edilmədən diaqnoz qoyulması problemi var. Sevindici haldır ki, Azərbaycan həkimləri bu məsələdə alnı açıq, üzü ağdır”.

Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə diqqətə çatdırıb ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti Azərbaycanda milli strategiyaya çevrilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi diqqət və qayğıdan da bəhs edən Təranə Tağızadə, onun təşəbbüsü ilə bütün uşaqlar, xüsusilə də həssas qrupa aid uşaqların müdafiəsi ilə bağlı müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb.

Təranə Tağızadə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 41-ci Milli Qurultayın əhəmiyyətindən söz açıb: "Uşaqların sağlamlığına dair mövcud problemlərin aşkarlanması və bu problemlərin həll yollarını tapmaq üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən pediatrlar arasında mədəni və elmi əlaqələri genişləndirmək, uşaqların sağlamlıq vəziyyətində baş verən dəyişikliklərin erkən aşkarlanması, onların gələcəkdə ağırlaşmasına qarşı profilaktik tədbirlərin həyata keçirilməsi pediatrların, neanatoloqların, uşaq nevroloqlarının, uşaq cərrahları və digər mütəxəssislərin qarşısında duran mühüm vəzifələrin gerçəkləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qurultayın keçirilməsində əsas məqsəd tibb elmi, xüsusilə də pediatriya və yan ixtisaslara dair yeni naliyyətləri müzakirə etmək əsasən də gənc nəsil həkimlərimizin inkişafına elmi-praktiki biliklərinin artırılmasına, eləcə də həkimləri və tibb mütəxəssislərini pediatriyaya dair yeni tədqiqatlarla, innovasiyalarla tanış etmək, onların inkişafı ilə bərabər xəstəliklərə, bütövlükdə tibbi xidmətə yanaşmanı təkmilləşdirmək, eləcə də tibbin bu sahəsinin inkişafına xidmət edən təşəbbüslərə dəstək verməkdir.”

T.Tağızadə qeyd edib ki, Azərbaycan Pediatrlar Assosiasiyası (APA) təsis edildiyi vaxtdan etibarən Azərbaycanda uşaqların sağlamlığının qorunmasında, möhkəmləndirilməsində və pediatriyanın inkişafında fədakar xidmət göstərir.

Ölkəmizdə pediatr həkimlərinin böyük tarixə dayanan peşəkar birliklərindən olan APA uşaqların sağlamlığının mühafizəsi istiqamətində dövlət siyasətini prioritet vəzifə kimi əsas tutaraq, bu istiqamətdə məqsədyönlü fəaliyyətini həyata keçirir, xarici və beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirir, uşaq sağlamlığı ilə bağlı ixtisaslaşmış qurum və təşkilatların işindən bəhrələnir, onlarla təcrübə mübadiləsi edir.

Təranə Tağızadə bu sahədə xidmətlərə yeni yanaşmanın tətbiq edilməsinin zəruriliyinə də toxunaraq vurğulayıb ki, uşaqlara yardım göstərən, onların sağlamlığının keşiyində duran həkimlərin bilik və bacarıqları daim təkmilləşdirilməlidir: “Qurultayın keçirilməsində əsas məqsəd uşaqlara göstərilən tibbi yardımın təşkilini daha da yaxşılaşdırmaq və təkmilləşdirməkdən ibarətdir. Qurultayda pediatriyanın aktual problemləri, müasir müalicə üsulları və profilaktik tədbirlərin müzakirəsi olacaq. Əminəm ki, bu möhtəşəm tədbir pediatriya sahəsində tanınmış görkəmli alim və həkimləri bir araya gətirəcək və nəticədə yeni layihələrin daha da səmərəli həyata keçirilməsinə stimul verəcək.”

Tədbir panel müzakirələri ilə davam edib. Müzakirələrdə "Tibbi xidmətin keyfiyyəti. Pediatrlar nə edə bilər?", Ana və uşaq sağlamlığının mühafizəsində dövlət siyasəti", "APA-nın Səhiyyə sektorunda təcrübəsi: dünən, bu gün, sabah", "Nadir xəstəliklər və meonatal skrininq proqramları: beynəlxalq təcrübə" mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Panel çıxışlarında beynəlxalq və yerli mütəxəssislər tərəfindən pediatriyaya dair müxtəlif mövzularda geniş təqdimatlar baş tutub, həmçinin pediatriyanın ən aktual problemlərinə dair aparıcı milli və xarici ekspertlərin məruzələri dinlənilib, müzakirələr aparılıb.

Yerli və xarici məruzəçilərin çıxışlar etdiyi tədbirdə elmi araşdırmalar, həmçinin digər mühüm məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Onu da bildirək ki, tədbirdə qardaş ölkələrdən olan nüfuzlu tibb mütəxəsisləri iştirak edib.

Qeyd edək ki, 22-25 iyun tarixlərində keçirilən qurultayın panellərində qeyd olunan ölkələrdən ümumilikdə 65-dən çox məruzəçi öz elmi işlərini təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə