Şirvanda iki piyadanı vurub qaçan sürücü yaxalandı

Şirvanda iki piyadanı vurub qaçan sürücü yaxalandı

Şirvanda 2 piyadanı vurub qaçan avtomobil 8 gündən sonra tapıldı. SİA-nın Aran bürosuna məlumat verən Şirvan şəhər polis şöbəsinin DYP bölməsinin rəisi Samir İsmayılov bildirib ki, 15 yanvar 2014-cü il tarixdə Heydər Əliyev prospektində 2 nəfər piyadanı naməlum avtomobil vuraraq qaçmışdır. Yaralılar ağır vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilmişdir.

Araşdırma zamanı naməlum avtomobilin hadisə yerində qırılıb düşən yan güzgüsündən məlum olub ki, həmin avtomobil "Opel Omeqa" markalıdır. Həmin növ avtomobillərə baxış keçirilib və hadisəni törədən maşın müəyyən edilib.

Hadisəni törədib qaçan şəxs Şirvan şəhəri M.Mirzəyev küçəsi ev 12A-da yaşayan, 1989-cu il təvəllüdlü Yaqubov Rauf Bəxtiyar oğludur. Rauf Yaqubov dostuna məxsus 90 MR 136 dövlət qeydiyyat nişanlı "Opel Omeq" markalı avtomobillə hadisəni törədib. Dostunu aldadaraq avtomobili hasara vurduğunu deyib və çöl yolla Bakı şəhərinə aparıb təmir etdirib.

Sonra Turbo.az sayıtında avtomobilin elanını verərək satmaq istəyib. Həmin şəxsə DYP əməkdaşları zəng edərək müşətəri qismində avtomobili almaq istədiklərini bildiriblər. Həmin şəxs avtomobillə bir yerdə saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, hadisə zamanı xəsarət alanlar 1991-ci il təvəllüdlü Əliyev Hüseyn İsmayıl oğlu və 1974-cü il təvəllüdlü Bağırov Mübariz Əlizamin oğlu olmuşdur.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə