İrandan Azərbaycana narkotik vasitə keçirənlərin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitə keçirənlərin qarşısı alınıb

Ay ərzində dövlət sərhədini pozduqları üçün 35 halda 49 nəfər saxlanılıb, onların 18 nəfəri Azərbaycan, 10 nəfəri Özbəkistan, 9 nəfəri İran İslam Respublikası, 5 nəfəri Gürcüstan, 2 nəfəri Qırğızıstan, hər ölkədən 1 nəfər olmaqla Rusiya, Qazaxıstan, Türkmənistan, Moldova və Tacikistan vətəndaşı olub. Dövlət Sərhəd xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 8 halda 14 nəfər, Xəzər dənizində 34 halda 48 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 160 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 6 kiloqram 728 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Aprelin 12-də Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycana dövlət sərhədini pozmağa cəhd edən 2 nəfər naməlum şəxsin qarşısı alınıb, sərhəd pozucuları sərhəd naryadının qanuni tələblərinə tabe olmayaraq odlu silahdan atəş açıb, sərhəd naryadının cavab atəşindən sonra özləri ilə gətirdikləri 1 kiloqram heroini əraziyə ataraq geri qaçıblar.

İrandan Azərbaycana keçmiş şəxslər yoxlanılarkən "Biləsuvar" sərhəd nəzarət məntəqəsində 6 halda 821 qram, "Astara" sərhəd nəzarət məntəqəsində 3 halda 4 kiloqram 890,2 qram narkotik maddə aşkar olunaraq götürülüb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 74 halda ümumi dəyəri təqribən 594 min manat olan qaçaqmal, o cümlədən 6990 dollar ABŞ valyutası, 126.800 rial İİR valyutası, 923 ədəd müxtəlif markalı mobil telefon, 2881 ədəd mobil telefon aksesuarları, 4 ədəd tapança, 1 ədəd süngü bıçaq, 6 ədəd radiostansiya, 4 ədəd gizli izləmək üçün elektron vasitə, 5 ədəd planşet, 846 ədəd göz linzası, 2 ədəd motosikl, 8110 ədəd müxtəlif markalı siqaret, balıq tutmaq üçün 5400 metr tor, 11 ədəd qayıq, 2 ədəd qayıq mühərriki, müxtəlif növ dərman preparatları, spirtli içki, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə