Sabirabad rayon seçiciləri ilə görüşlər uğurla davam edir

11 aprel tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Sabirabad rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri rayonun Minbaşı, Qaraağac, Beşdəli, Yaxa-Dəllək kəndlərindən olan seçicilərlə görüş keçiriblər. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayeva son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdən və əldə olunan uğurlardan danışıb.

Rayon şöbəsinin sədri bildirib ki, Sabirabad ictimaiyyəti hər zaman Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevi dəstəkləyib: "Rayon ictimaiyyəti dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasını böyük məmnunluqla qarşılayır. Sabirabad seçiciləri növbəti dəfə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə etimad göstərəcəyini, bununla da seçicilər inkişafı, firavanlığı və sabitliyi seçmiş olacaqlar".

Seçicilər qarşısında çıxış edən rayon Ziyalılar cəmiyyətinin sədri Böyükağa Həmidov, YAP Sabirabad rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvləri Salamulla Abdullayev, Telman Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər. Onlar Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanacağına inandıqlarını bildiriblər. Görüşdə digər çıxış edənlər də cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasından, ölkəmizdə və eləcə də, rayonda görülən işlərdən danışıblar. Seçicilər seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə