"Azərbaycan xalqı öz müdrik seçimini edəcək" AÇIQLAMA

“Ölkə Prezidenti cənab İlham Əliyevin son 15 illik hakimiyyəti, prezidentliyi dövründə Azərbaycan hər bir sahədə böyük uğurlar qazanıb. Ötən 15 il ərzində Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq sahələrdə böyük nailiyyətlər, qələbələr, zəfərlər əldə edib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, Azərbaycanda aparılan davamlı, sürətli və dinamik iqtisadi islahatlar nəticəsində ölkəmiz dünyanın lider dövlətləri sırasındadır: “Bunu təkcə biz demirik, bunu həm də dünyanın aparıcı maliyyə qurumları, reytinq mərkəzləri dəqiq göstəricilərlə ortaya qoyur. Ölkəmizin hər bir guşəsində böyük fabriklər, zavodlar, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri, müxtəlif müəssisələr istifadəyə verilib. Son 15 ildə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə böyük, transmilli iqtisadi, enerji və nəqliyyat layihələri bütün dünya üçün böyük əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töhfələr verir. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri, Şimal-Cənub nəqliyyat dəhlizi layihələri bütövlükdə dünya üçün əhəmiyyətlidir. Bu faktor Azərbaycana iqtisadi dividendlər gətirməklə yanaşı, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu da əhəmiyyətli dərəcədə artırır. Azərbaycan 2011-ci ildə 155 dövlətin dəstəyi ilə iki il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və bu dövrdə dünyada sülh və təhlükəsizliyin təmin olunmasına, insan haqlarının müdafiəsinə mühüm töhfələr verib. Həmçinin Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edib, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə, dialoq məkanına çevrilib. Ölkəmizdə “Eurovision”, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları kimi bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib. Təbii ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir".

Millət vəkili onu da qeyd edib ki, ötən 15 ildə ölkəmiz müdafiə qabiliyyətini də xeyli gücləndirib: "Bu gün Azərbaycan Ordusu ən güclü ordular sırasındadır. Ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Bunu 2016-cı ilin aprel döyüşləri bir daha təsdiqlədi. Ölkə Prezidentinin də daim qətiyyətlə ifadə etdiyi kimi, Azərbaycan ərazi bütövlüyü məsələsində kimsəyə güzəştə getməyəcək, işğal altında olan ərazilərinin uzun müddət işğalda qalmasına dözməyəcək və bütün vasitələrdən istifadə etməklə, həmin əraziləri geri qaytaracaq”.

E.Səlimov qeyd edib ki, bütün bunların fonunda prezident seçkilərindən sonra ölkəmizdə inkişaf prosesləri, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin daha da gücləndirilməsi istiqamətində siyasət daha böyük inamla davam etdiriləcək: "11 aprel seçkiləri ilə bağlı Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsinin də çox yüksək olduğunu deyən millət vəkilinin bildirdiyinə görə, buna seçicilərlə görüşlər zamanı bir daha əyani şahid olurlar. Heç bir şübhə yoxdur və ola da bilməz ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində müdrik və qədirbilən xalqımız növbəti dəfə cənab İlham Əliyevə yüksək etimad göstərəcək. Çünki cənab İlham Əliyevin alternativi yoxdur. Azərbaycan xalqı artıq ötən əsrin 80-90-cı illərinin xalqı deyil. Azərbaycan xalqı artıq ağı qaradan, yaxşını pisdən seçməyi çox gözəl bacarır. Onu artıq heç nə ilə aldatmaq olmaz. O, yalançı, quru, boş vəd verənlərlə əməli iş görənləri, Azərbaycanı zəfərlərdən-zəfərlərə apanları yaxşı ayırd edə bilir. Bilir ki, onu kim uğurlu, xoşbəxt, təhlükəsiz gələcəyə apara bilər. Odur ki, 11 aprel seçkilərində də müdrik seçimini edərərək, cənab İlham Əliyevə daha 7 illik mandat verəcək, qazandıracaq. Bir sözlə, İlham Əliyev 11 seçkilərində də Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəyini əldə edərək, parlaq qələbəsini qazanacaq və Azərbaycanı daha möhtəşəm nailiyyətlərə qovuşduracaq”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə