BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Reda ilə görüşüb.

Bu barədə SİA-ya BDU-dan məlumat verilib. Rektor səfiri Azərbaycanın ilk və ən böyük ali təhsil müəssisəsi olan BDU-da görməkdən məmnunluğunu bildirib, ölkəmizin ərəb dövlətləri ilə uğurlu əməkdaşlıq, dostluq münasibətlərinə malik olduğunu qeyd edib. O, Azərbaycanla ərəb ölkələrinin elm, təhsil, mədəniyyət sahələrindəki əməkdaşlığının ikitərəfli əlaqələrə böyük töhfə verdiyini vurğulayıb.

Elçin Babayev BDU-nun Şərqşünaslıq fakültəsində ərəb dilinin tədrisi, bu sahədə qazanılan uğurlar barədə məlumat verib. Rektor BDU-nun digər sahələr üzrə də əməkdaşlığa açıq olduğunu bildirib, ərəb ölkələrinin, o cümlədən Misirin ali təhsil müəssisələri ilə memorandumların imzalanması, birgə tədqiqatların aparılması, ikili diplom proqramlarının hazırlanmasının əhəmiyyətindən söhbət açıb.

Səfir Houssam-Eldine Reda qeyd edib ki, dost ölkələrimiz və xalqlarımız bir-birinə qədim mədəni və tarixi köklərlə bağlıdır. O, ikitərəfli münasibətlərin inkişafında elm və təhsil sahəsində əməkdaşlığın danılmaz olduğunu vurğulayıb, BDU ilə Misir universitetləri arasında akademik və mədəni əməkdaşlığın güclənməsi üçün yardım edəcəyini qeyd edib.

Görüş zamanı tərəflər BDU və Misir ali təhsil müəssisələri arasında əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə