Xarici diplomların tanınması hansı qaydalarla həyata keçirilir? - EKSPERT AÇIQLADI

Xaricdə təhsil alan azərbaycanlıların sayı hər il artır. Lakin təhsili başa vurduqdan sonra bəzi məzunlar diplomlarının Azərbaycanda tanınmaması problemi ilə üzləşirlər. Bəs xarici diplomların tanınması hansı qaydalarla həyata keçirilir?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi Elm və Təhsil Nazirliyi və Nazirlər Kabinetinin birgə təşəbbüsü ilə hazırlanmış qaydalara uyğun olaraq diplomları tanıyır və təsdiq edir:

“Bəzi diplomların tanınması üçün Dövlət İmtahan Mərkəzinin sertifikasiyasından keçmək vacib hesab olunur. Digər məsələləri isə Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi həll edir.

Burada əsas məqamlardan biri odur ki, Azərbaycandan xaricdə təhsil almaq üçün üç istiqamət mövcuddur. Birincisi, dövlət proqramları çərçivəsində təhsil alanlardır. İkincisi, SAT, TOEFL və digər beynəlxalq imtahanlardan yüksək nəticə göstərərək xarici universitetlərə qəbul olunan və onların təqaüdlərini qazanan tələbələrdir. Üçüncüsü isə attestatla qəbul olunanlardır.

Artıq iki ildir ki, Elm və Təhsil Nazirliyi yalnız attestatla xaricdə təhsil almağa gedən şəxslərlə bağlı müəyyən qaydalar tətbiq edir. Bu qaydalara əsasən, həmin şəxslərin sonradan Azərbaycan universitetlərinə transfer olunması hər zaman mümkün olmur. Əgər onların nəticələri adekvat deyilsə və ya tanınan SAT, TOEFL kimi imtahanlardan nəticələri yoxdursa, müəyyən məhdudiyyətlərlə qarşılaşırlar.

Bu məhdudiyyətlər onları ya Azərbaycanda Dövlət İmtahan Mərkəzinin qaydalarına uyğun şəkildə ali təhsil müəssisələrinə qəbul olmağa, ya da xaricdə təhsillərini tam başa vurmağa məcbur edir. Əks halda, təhsili yarımçıq qoyub geri qayıdan şəxslərin diplomlarının tanınması ilə bağlı problemlər yarana bilər.

Diplomların tanınması qaydalarına gəldikdə isə, əyani, qiyabi və onlayn təhsil formaları ilə bağlı fərqli yanaşmalar mövcuddur. Xüsusilə qiyabi və distant təhsil alan şəxslər diplomlarının tanınması zamanı müəyyən çətinliklərlə üzləşirlər.

Onlayn təhsil üzrə əldə olunan diplomların tanınması ilə bağlı məsələlər daha çox mübahisə doğurur və bir çox hallarda məhkəmə müstəvisində həll olunur. Qiyabi təhsil alan şəxslər üçün isə əsas şərtlərdən biri təhsil müddətində həmin ölkədə faktiki olaraq iştirak etmələridir. Əgər tələbə təhsil aldığı müddətdə ölkədə olmayıbsa və ya sərhəd keçidləri ilə bunu təsdiqləyə bilmirsə, diplomunun tanınması mümkün olmaya bilər.

Təhsil prosesinin mahiyyəti tələbənin tədris müddətində həmin ölkədə olması, sessiyalarda iştirak etməsi və fənlər üzrə kreditləri tam şəkildə toplamasıdır. Bu şərt və qaydalara əməl etməyən şəxslərin diplomları Azərbaycanda tanınmır”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə