Bakı Slavyan Universitetində II “Təlimdən Bacarığa” Forumu keçirilib. - FOTOLAR
Bakı Slavyan Universitetində II “Təlimdən Bacarığa” Forumu keçirilib.
SİA xəbər verir ki, mayın 2-də Bakı Slavyan Universitetində II “Təlimdən Bacarığa” Forumu təşkil olunub. Məktəbəqədər təhsil sahəsinə həsr edilən forum Hədəf Şirkətlər Qrupu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir Ümummilli lider Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra videoçarx nümayiş olunub və Balabilgə Uşaq Bağçasının balaca fidanlarının təqdimatında “Türkün yurdu” kompozisiyası ilə tədbirə rəngarəng ab-hava qatılıb.
Forumun açılış mərasimində ilk olaraq Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq çıxış edib. O, təhsilin yalnız bilik ötürmək deyil, eyni zamanda bu biliklərin praktik bacarıqlara çevrilməsi prosesi olduğunu vurğulayıb. Bildirib ki, müasir dövrdə təhsil sisteminin əsas missiyası yaradıcı, düşünən, milli-mənəvi dəyərlərə bağlı və qlobal rəqabətə davamlı gənc nəsil yetişdirməkdir. Şəmil Sadiq çıxışında forumun düşüncədən əmələ, nəzəriyyədən praktikaya gedən yolun simvolu olduğunu qeyd edib.
Daha sonra Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxış edərək ölkədə təhsil sahəsində aparılan islahatların əhəmiyyətindən danışıb, forumun bilikdən bacarığa gedən yolun mühüm platforması olduğunu vurğulayıb.
Rəsmi açılış çərçivəsində millət vəkili Ceyhun Məmmədov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, pedaqogika elmləri doktoru Aygün Məcidova və Lilybaby uşaq avadanlıqları şirkətinin direktoru Dilara Yiğit də salamlama nitqləri ilə çıxış ediblər.
Forumun əsas hissəsində məktəbəqədər təhsilin aktual istiqamətlərinə dair təqdimatlar səsləndirilib. Respublikanın Əməkdar müəllimi Laləzar Cəfərova “Məktəbəqədər təhsilin dövlət tərəfindən tənzimlənməsi”, ADPU-nun baş müəllimi, təlim-tədris mərkəzinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Xalidə Həmidova “Məktəbəqədər təhsilə innovativ səyahət”, Bakı Slavyan Universiteti İnklüziv və adaptiv kafedrasının müəllimi, psixoloq Fatimə Abıyeva isə “Məktəbəqədər təhsildə inklüziv və adaptiv yanaşmaların rolu” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə həmçinin klinik psixoloq Anara Quliyeva “Oyun terapiyası: uşaqların psixoloji hazırlığında oyunlar”, Dodi Təhsil Qurumlarının qurucusu Gülser Yiğit isə erkən uşaqlıq dövründə pedaqoji model axtarışları ilə bağlı təqdimat ediblər.
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin
direktoru Nəzakət Mehdiyeva
öz zəngin təcrübəsini iştirakçılarla bölüşərək, mövzu ətrafında interaktiv sorğu və dialoqlar reallaşdırıb.
"Xan" nəşriyyatının direktoru, yazıçı Səbuhi Şahmursoy məktəbəqədər təhsildə istifadə olunan vəsaitlər barədə danışıb. Forumun ən diqqətçəkən hissələrindən biri isə Balabilgə Uşaq Bağçasının müdiri Nərmin Ərəbli tərəfindən təqdim olunan STEAM əsaslı dərs modelinin əyani nümayişi olub.
Tədbir çərçivəsində məruzəçilərə layihənin plaketi və Naxçıvan daş duzu hədiyyə olunub. Bütün iştirakçılara sertifikatlar verilib.
Forumun bağlanış mərasimində Təşkilat Komitəsinin rəhbəri Elvin Əliyev çıxış edərək forumun uğurla başa çatdığını bildirib və iştirakçıları növbəti – III “Təlimdən Bacarığa” Forumunda yenidən görüşməyə dəvət edib.
Sonda xatirə fotosu çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB