BMU ilə Sunvay Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı Mühəndislik Universiteti (BMU) Malayziyanın aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirməkdə davam edir. Bu istiqamətdə növbəti tərəfdaşlıq görüşü Sunvay Universiteti ilə keçirilib. Görüşdə universitetlərin akademik heyəti və aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak ediblər. BMU-dan SİA-ya bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor Ətrabə Gül, həmçinin elm və innovasiya məsələləri üzrə prorektor Ağası Məlikov çıxış edərək ali təhsil müəssisələri arasında qarşılıqlı təcrübə mübadiləsinin və birgə təşəbbüslərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, belə görüşlər universitetin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişlənməsinə və qlobal akademik mühitə inteqrasiyasına töhfə verir. Bundan başqa, BMU-da həyata keçirilən elmi-tədqiqat və innovasiya yönümlü layihələr barədə də zəruri informasiyalar diqqətə çatdırılıb.

Görüşdə Sunvay Universitetinin əməkdaşı Jade Thum Yun Seong təqdimatla çıxış edib. Bundan başqa, çıxışlarda BMU ilə mümkün əməkdaşlıq istiqamətlərinə toxunulub.

Tərəflər müəllim, tələbə mübadiləsinin təşkili, birgə elmi-tədqiqat layihələrinin hazırlanması, ikili diplom proqramların yaradılması məsələlərini ətraflı müzakirə ediblər. Dayanıqlılıq, mühəndislik, informasiya texnologiyaları sahələrində potensial əməkdaşlıq istiqamətləri də diqqət mərkəzində olub.

Sonda əməkdaşlığın hüquqi əsaslarını müəyyənləşdirəcək memorandum layihəsinin hazırlanması barədə razılığa gəlinib.

Bütün xəbərlər Facebook səhifəmizdə