Xəzər Universitetinin əməkdaşları Daşkənddə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər
Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Daşkənd İqtisadiyyat və Pedaqogika Universiteti, Türkiyənin Ege Universiteti və İzmir şəhərindəki Azərbaycan Fondunun birgə təşkilatçılığı ilə Daşkənd şəhərində “Türk dünyasının yeniləşmə prosesləri: Türk dünyasında cədidçilik” mövzusunda III beynəlxalq simpozium keçirilib. Tədbirdə Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya, Şimali Kipr Türk Respublikası və digər ölkələrin universitetlərindən tədqiqatçılar, “Cədidçilik” mövzusunda elmi araşdırma aparan alimlər, həmçinin Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin bir qrup müəllimi iştirak edib. Bu barədə SİA-ya Xəzər Universitetindən məlumat verilib.
Simpoziumun plenar iclasında Təşkilat komitəsinin sədri, Türkiyənin Ege Universitetinin Müasir türk dilləri və ədəbiyyatı bölməsinin müdiri Yılmaz Özkaya, Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin rektoru Şəkərboy Canikulov, Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin elmi işlər üzrə prorektoru Marifjon Yuldaşev, “Cədid” qəzetinin baş redaktoru İqbol Mirza və digər qurumlardan olan professor və alimlər çıxış edərək, simpoziumun məqsəd və əhəmiyyətini vurğulayıblar.
Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri Dilbər Zeynalovanın sədrlik etdiyi paneldə professor Bədirxan Əhmədov “Türk dünyasının modernləşməsində dini vəhdət və milli birlik amili: Cəmaləddin Əfqani”, dosent Zivər Hüseynli Baylan və Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva “Azərbaycanın modernizm simalarından biri: Seyid Əzim Şirvani”, İlkiyyə Hacıyeva “Azərbaycan dramaturgiyasında qadın: hüquqsuzluq, maarifçilik və müqavimət” mövzusunda məruzələrlə çıxış ediblər.
Simpoziumun ikinci günü Çırçıq şəhərində yerləşən Mənəviyyat Sarayında “1 Oktyabr - Müəllimlər və Tərbiyəçilər Günü” münasibətilə tədbir keçirilib.
Sonra iştirakçılar üçün şəhər gəzintisi təşkil olunub.
Simpoziumun sonuncu günü isə iştirakçılar Səmərqəndə gedərək şəhərin tarixi məkanlarını, o cümlədən Əmir Teymurun türbəsini ziyarət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə