“Qəbul imtahanlarının test üsulu ilə keçirilməsi kifayət qədər subyektivliyi və haqsızlığı aradan qaldıran sistem idi”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirib.
Onun sözlərinə görə, təbii ki illər keçdi və sistem yavaş-yavaş dəyişdi və hal-hazırda da inkişaf etdirilir: “Hesab edirəm ki, qəbul imtahanlarında test üsulu ən yaxşı metodologiyadır. Onu da qeyd edim ki, təhsilin inkişafı strategiyasına uyğun olaraq qəbul planları artırılır. Bu il 75 minə yaxın abituriyent ali təhsil müəssisələrinə qəbul oldu. Plan yerlərinin yarıdan çoxu dövlət sifarişi idi. Ali təhsil müəssisələrinə sənəd verənlərin sayında da azalma olur. Ona görədə universitetlərə sənəd verən hər 3 nəfərdən 2-si tələbə adını qazanır.
Universitetlərə qəbul olmayanlar isə atestatla xaricdə təhsil almağa üstünlük verir. Bu düzgün qərar deyil. Çünki ölkəmizdə universitetə qəbul ola bilməyənlərin, yəni aşağı bal toplayanların xaricdə yüksək təhsil alması mümkün deyil. Savadlı tələbələr xaricdə təhsil dövlət proqramları və universitetlərin təqdim etdiyi təqaüd proqramlarından istifadə edə bilərlər. Ancaq qəbul imtahanlarının ləğvi hesab edirəm ki, çox tezdir. Düzdür bir çox ölkələrdə məsələn ABŞ-da, Kanada da orta məktəb nəticələri ilə qəbul mümkündür. Çünki əksər ölkələrdə universitetlərə qəbul mərkəzləşmiş qayda da deyil”.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə