Mingəçevir Dövlət Universiteti ilə Dokuz Eylül Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin (DEU) rektoru professor Bayram Yılmaz ilə görüşüb. MDU-dan SİA-ya bildirilib ki, görüş zamanı professor B.Yılmaz MDU kollektivini DEU-da görməkdən məmnunluğunu bildirib, iki qardaş ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin güclənməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Türkiyə universitetləri arasında qurulan strateji tərəfdaşlıq həm elmi, həm də mədəni inteqrasiyaya töhfə verir. Ortaq dəyərlər üzərində qurulmuş əməkdaşlığın təhsil birliyini daha da gücləndirəcəyini diqqətə çatdıran rektor, birgə layihələrin hər iki ölkənin ali təhsil sisteminin inkişafına mühüm faydalar verəcəyinə əminliyini bildirib.
Rektor Anar Eminov MDU-nun beynəlxalq əməkdaşlıq siyasətində Türkiyə universitetləri ilə tərəfdaşlığın xüsusi yer tutduğunu qeyd edib. Əməkdaşlığın qurulmasında məqsədin tələbə və müəllim mübadiləsini genişləndirmək, ortaq elmi tədqiqatların dəstəklənməsi və birgə layihələrin icrası olduğunu bildirən A.Eminov, imzalanan Memorandumun yalnız bir sənəd deyil, gələcəyə atılan körpü kimi qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qurulan yeni əməkdaşlığın təfərrüatlarının müzakirəsi ilə davam edən görüşün sonunda MDU-nun rektoru A.Eminov və DEU-nun rektoru B.Yılmaz iki universitet arasında Əməkdaşlıq haqqında Memorandum imzalayıblar.
Memoranduma əsasən, tərəflər ikili diplom proqramlarını icra edəcək, təhsil və elmi-tədqiqat sahələrində birgə fəaliyyət göstərəcək, ortaq elmi layihələr, beynəlxalq konfranslar və seminarlar təşkil edəcək, eləcə də müəllim, tədqiqatçı və tələbə mübadiləsini həyata keçirəcəklər. Həmçinin tərəflər qarşılıqlı şəkildə qonaq müəllim və tələbə qəbulu, ortaq magistratura səviyyəsi üzrə proqramlarının təşkili, innovativ idarəetmə və tədris təcrübələrinin paylaşılması, birgə elmi nəşrlərin və tədqiqat nəticələrinin mübadiləsi, ekoloji yönümlü layihələrdə və davamlı inkişaf təşəbbüslərində əməkdaşlıq, habelə ortaq təlim və kursların təşkili kimi fəaliyyətlərdə iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə