"Azərbaycanda şagirdlərin məktəbdən yayılma halları xeyli azalıb" - AYDINLIQ GƏTİRİLDİ
"Qarşıdakı illərlə müqayisə aparsaq, statistik təhlillərə nəzər yetirsək, deyə bilərik ki, Azərbaycanda şagirdlərin məktəbdən yayılma hallarının sayında ciddi azalma baş verib. Buna inanmalıyıq. Doğrudur, biz təhsillə və səhiyyə ilə bağlı danışanda çox vaxt neqativə meyillənirik, yalnız problemləri qeyd edirik. Əlbəttə, neqativi demək lazımdır, problemi göstərmək vacibdir, amma eyni zamanda həll yollarını da təklif etmək şərti ilə. Heç bir sahədə hər şey tam müsbət ola bilməz, amma eyni zamanda heç bir sahədə hər şey tam mənfi də deyil". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.
O bildirib ki, istər regionlarda, istərsə də paytaxtda, şagirdlərin məktəbdən yayılma halları əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bunun bir neçə səbəbi var: "Oğlan şagirdlərlə bağlı əsas səbəb ailənin sosial-iqtisadi vəziyyətidir. Oğlan uşaqları əmək bacarığı olan fərd kimi qiymətləndirilir və ailəyə maddi dəstək verən şəxs kimi görülürdü. Onlar kənd təsərrüfatı, heyvandarlıq, əkinçilik işlərinə cəlb olunurdu və bu səbəbdən məktəbdən yayınırdılar.
Maraqlı bir detalı xatırladım: bir layihə çərçivəsində ucqar kəndlərdə müəllimlərlə sorğu keçirmişdik. Bəzi müəllimlər şagirdlərin məktəbdən yayınmasının qarşısını almağa çalışıblar, amma ciddi müqavimətlə qarşılaşıblar. Hətta bir kənddə valideyn müəllimə demişdi ki, “Mənim övladım evə bu qədər pul gətirir, sən bu pulu mənə verə bilərsənsə, onda qoyum gəlsin məktəbə.” Bu düşüncəyə diqqət yetirmək lazımdır.
Xoşbəxtlikdən, Azərbaycanda məcburi təhsil artıq 9 illikdir. Əvvəllər bu 4 illik idi. İndi 8-ci sinifdən sonra uşağın məktəbdən yayılması artıq inzibati xəta, hətta cinayət kimi qiymətləndirilir. Bu çox sevindirici haldır və bir çox şeyi dəyişib. Qız şagirdlərlə bağlı da yayılma hallarının səbəbləri var idi: erkən nikah, bəzi mentalitetlərlə bağlı düşüncələr. Məsələn, bəzi bölgələrdə 4-cü sinifdən sonra qızlar məktəbdən çıxarılırdı. Təbii ki, bu bütün yerlərə aid deyil, amma müəyyən qruplarda belə hallar müşahidə olunurdu. Amma gəlin etiraf edək ki, Cənub bölgəsi kimi yerlərdə qızların təhsili baxımından uğurlar yüksəkdir. Dövlət İmtahan Mərkəzinin statistikalarına baxsaq, görərik ki, illərdir buraxılış imtahanlarında qızlar oğlanlardan daha yüksək nəticələr göstərir. Bu o deməkdir ki, qızların məktəbdən yayılması halları ümumi mənzərədə azlıq təşkil edir. Yenə də boşluqları müəyyən edib, onların üzərində işləmək lazımdır. Təhsil sahəsində uğurlar təkcə məktəblərlə məhdudlaşmır, həm də valideynlərin maarifləndirilməsi, cəmiyyətin diqqəti və əlavə sosial dəstək proqramları ilə əlaqəlidir. Regionlarda təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin stimul edilməsi və şagirdlərin sosial dəstək proqramlarına cəlb olunması yayılma hallarının azalmasında mühüm rol oynayır. Beləliklə, Azərbaycanda şagirdlərin məktəbdən yayılma halları xeyli azalıb, amma prosesin tam nəticə verməsi üçün davamlı monitorinq, əlavə sosial tədbirlər və cəmiyyətin maarifləndirilməsi vacibdir. Bu sahədəki uğurlar, həm bölgələrdə, həm də paytaxtda uşaqların təhsil hüquqlarının təmin edilməsində mühüm addım hesab olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə