Anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) ilə İsrailin Qordon Akademik Təhsil Kolleci arasında anlaşma memorandumu imzalanıb. Bu barədə SİA-ya BDU-dan bildirilib.

Memorandumda hər iki təhsil müəssisəsində təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər memorandumda öz əksini tapıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Qordon Akademik Təhsil Kollecinin prezidenti İlana Levenberq imzalayıb.

Əsası 1953-cü ildə qoyulmuş Qordon Akademik Təhsil Kolleci İsrailin nüfuzlu təhsil müəssisələrindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə