AzMİU-da dünyaşöhrətli alimin elmi seminarları keçirilir

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illik yubiley tədbirləri çərçivəsində Almaniyanın Otto-von-Guericke Universitetinin (Magdeburq) professoru, dünyaşöhrətli alim Holm Altenbax ali məktəbin qonağı olub. Onun məhz elmi seminar məqsədilə dəvət olunması AzMİU-nun elm və innovasiya yönümlü inkişaf strategiyasının mühüm hissəsidir və universitetin tədqiqat yönümlü ali təhsil müəssisəsinə çevrilməsi prosesini daha da gücləndirəcəyi gözlənilir. AzMİU-dan SİA-ya bildirilib ki, professorun ilk çıxışı “Sürünmə mexanikasının tarixi və elmi qrupun nəticələri” mövzusuna həsr olunub. Seminar professor-müəllim heyətinin və gənc tədqiqatçıların iştirakı ilə keçirilib. Məruzədə sürtünmə mexanikasının yaranma mərhələləri, bu sahədə aparılmış fundamental tədqiqatların nəticələri və müasir mühəndislikdə tətbiq imkanları ətraflı izah edilib. Xüsusilə materialların uzunmüddətli yüklənmələr altında davranışı, konstruksiyaların möhkəmliyi və zədələnmə problemlərinin həlli yolları barədə elmi yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb.

Professorun AzMİU-da elmi seminarları üç gün davam edəcək. O, ikinci gün “Qeyri-klassik lövhə konstruksiyaları” mövzusunda daha bir seminar təqdim edəcək, sonuncu gün isə AzMİU-nun Ali riyaziyyat, İnşaat konstruksiyaları və Mexanika kafedralarının əməkdaşları ilə görüşərək elmi mövzular ətrafında fikir mübadiləsi aparacaq. Onun universitetə gəlişi gənc tədqiqatçıların elmi potensialını artırmaq, beynəlxalq əməkdaşlıqları dərinləşdirmək və AzMİU-nun tədqiqat yönümlü universitet statusunu daha da möhkəmləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, Holm Altenbax müasir mühəndislik mexanikası sahəsində dünyanın ən nüfuzlu alimlərindən biri kimi tanınır. O, 1980-ci ildə Leninqrad Politexnik İnstitutunu bitirib, 1983-cü ildə texnika elmləri namizədi, 1987-ci ildə isə texnika elmləri doktoru dərəcəsi alıb. 1996–2011-ci illərdə Halle-Vittenberqdə yerləşən Martin-Luther Universitetində mühəndislik mexanikası üzrə professor vəzifəsində çalışıb, hazırda isə Otto-von-Guericke Universitetində fəaliyyət göstərir.

Professor indiyədək 51 doktoranta elmi rəhbərlik edib, 300-dən çox elmi məqalənin, yüzlərlə konfrans məqaləsi, kitab və monoqrafiyaların müəllifi və ya həmmüəllifidir. Onun tədqiqatları davamlı mühitlər mexanikası, material modelləşdirilməsi, nazik divarlı konstruksiyaların analizi, möhkəmlik nəzəriyyələri, sürünmə və zədələnmə problemlərinə həsr olunub. Elmi fəaliyyətinə görə o, Krupp (Almaniya) və Humboldt (Polşa) kimi nüfuzlu mükafatlara layiq görülüb, həmçinin Ukrayna, Rumıniya və Gürcüstanın aparıcı universitetləri tərəfindən fəxri doktor adına layiq görülüb.

Altenbax elmi ictimaiyyətdə redaktor və ekspert kimi də böyük nüfuza malikdir. Hazırda “ZAMM – Journal of Applied Mathematics and Mechanics” jurnalının baş redaktoru, “Mechanics of Composite Materials” jurnalının assosiativ redaktoru, bir sıra nüfuzlu beynəlxalq nəşrlərin redaksiya heyətinin üzvüdür. Bundan əlavə, 2010-cu ildən etibarən “Springer” nəşriyyatının “Advanced Structured Materials” seriyasını Andreas Öchsner ilə birlikdə redaktə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə