Sentyabrın 25-də Azərbaycan Texniki Universitetinin Davamlı İnkişaf Mərkəzində Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) ilə Təhsilin İnkişafı Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Fonddan SİA-ya bildirilib ki, İdarə Heyətinin sədri Elnur Nəsibov rəhbəri olduğu qurumun təhsil və sahibkarlığın inteqrasiyasına dəstək vermək, tələbələri innovativ təşəbbüslərə təşviq etmək niyyətində olduğunu bildirib. O, ATİB ilə birgə layihələrin dövlət-özəl tərəfdaşlığının inkişafına əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.
Azərbaycan Texniki Universitetinin tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli təhsil müəssisələri ilə iş dünyası əməkdaşlığının tələbələrin praktiki bacarıqlarını gücləndirəcəyini və onların əmək bazarının tələblərinə uyğun yetişməsinə xidmət edəcəyini qeyd edib.
ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov isə Azərbaycan və Türkiyə iş adamlarının təhsilə verdiyi dəstəyin gələcək nəsillərin hazırlanmasında mühüm rol oynadığını bildirib. O, tərəflərin bu əməkdaşlıq çərçivəsində həm biznes mühitinin inkişafını, həm də gənclərin biliklərinin artırılmasını hədəflədiyini vurğulayıb.
Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov Fondun həyata keçirdiyi layihələr haqqında geniş təqdimatla çıxış edib.
Tədbir çərçivəsində keçirilən sual-cavab sessiyası və “Peerstack Academy”ə infotur tərəflər üçün əlavə məlumat toplamaq və şəbəkələşmək imkanı yaradıb.
Qeyd edək ki, tərəflər əməkdaşlığı gənclərin sahibkarlıq təşəbbüslərini dəstəkləmək, “TələbəPlus” və “TəhsilPlus” kartları, təqaüd proqramları, infrastruktur təşəbbüsləri və tərəflərin razılaşdıracağı digər layihələr çərçivəsində həyata keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə