Son zamanlarda valideynlər uşaqların dərs yükündən narazıdır. İbtidai və yuxarı sinif şagirdləri çoxlu dərslər və ev tapşırıqları ilə yüklənir, istirahətə az vaxt qalır. Bəzi müəllimlər isə əlavə vəsaitlər və test kitabları aldırır ki, bu da ailələr üçün maddi yük yaradır.
Bəs, bu dərs yükü uşaqların inkişafına necə təsir edir? Dərs cədvəlində ağır fənlərin ard-arda olması uşaq üçün yük deyilmi?
Məsələ ilə bağlı təhsil eksperti İlqar Orucov SİA-ya açıqlamasında bildirib ki, dərs yükü və ev tapşırıqları problemi daim aktualdır və Azərbaycanda da bu mövzuda müxtəlif fikirlər var.
Onun sözlərinə görə, əgər narazılıq və narahatlıq doğuran bir məsələ varsa, ona ilk növbədə elmi yanaşma olmalıdır: "Bu, eyni zamanda dərsliklərlə də bağlıdır. Şagirdlərin ev tapşırıqları və əlavə vəsaitlərlə – həm dərsliyin, həm də materialların həddindən artıq yüklənməsi – mütləq şəkildə elmi əsaslarla tənzimlənməlidir. Ev tapşırıqlarının çoxluğu şagirdlərə psixoloji baxımdan mənfi təsir göstərə bilər. Bu, onların motivasiyasını azalda, oturaq həyat tərzini artıra və nəticədə sağlamlıq problemlərinə yol aça bilər. Digər tərəfdən, ev tapşırıqlarının çoxluğu şagirdin asudə vaxtını, idman, musiqi, mədəni inkişafla bağlı fəaliyyətlərini məhdudlaşdıra bilər. Halbuki ev tapşırıqları, şagirdlər üçün yük olmamalıdır. Məktəbdə verilən biliklər evdə sadəcə möhkəmləndirilməli, şagirdin düşünmə və təhlil qabiliyyəti inkişaf etdirilməlidir. Müəllimlər bu kimi məsələlərdə çox diqqətli olmalıdır. Bəzən ev tapşırıqlarının çətinliyi, əlavə materiallara olan tələblər şagirdin o fənnə olan marağını artırmaq əvəzinə, onu həmin fəndən uzaqlaşdırır, hətta nifrət yaratmağa qədər aparır. Bu, təbii ki, istənilən nəticə deyil. Eyni zamanda, dərsliklər elə hazırlanmalıdır ki, əlavə vəsaitlərə ehtiyac qalmasın. Çünki bu, bir tərəfdən maddi yükdür, digər tərəfdən isə şagirdin başqa sahələrə – məsələn, bədii ədəbiyyata, idmana, sosial həyata ayıracağı vaxtı əlindən alır. Biz şagirdi yalnız dərslə yükləməklə robotlaşmış varlıq kimi formalaşdırmamalıyıq".
Bütün bu fikirlər fonunda qeyd etmək istərdim ki, dərs yükü düzgün tənzimlənsə, bu, şagirdin məsuliyyətli, intizamlı, vaxtına qarşı nizamlı və şüurlu şəkildə formalaşmasına müsbət təsir göstərə bilər. Amma bu yük şagirdin digər hüquq və ehtiyaclarını məhdudlaşdırmamalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə