"Elektron qaydalar müəllim seçimində önəmli rol oynadı" - TƏHSİL EKSPERTİ AÇIQLADI
"İbtidai sinif müəllimlərinin hazırlıq səviyyəsi sertifikasiyanın ilkin mərhələsində üzə çıxdı. Təxminən 6.000-dən çox müəllim sertifikasiya imtahanlarından, hətta ikinci cəhddən belə kənarlaşdırıldı". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Onun sözlərinə görə, bu müəllimlərin əksəriyyəti 50 yaşdan yuxarı olanlar və kənd rayonlarında yerləşən pedaqoji texnikumların məzunları idi. Sonrakı mərhələlərdə aydınlaşdırıldı ki, bu şəxslər daha əvvəlki dövrlərin məzunlarıdır: "Amma ümumi mənzərə göstərir ki, müəllimlərin şəffaf şəkildə seçilməsi, xüsusilə gənc mütəxəssislər arasında, elektron qaydalardan və yeni texnologiyalardan istifadə bacarığı olan şəxslər üçün ümid verir. Yeni MİQ imtahanı ilə seçilmiş müəllimlər bu baxımdan perspektivlidir. Artıq ibtidai sinif müəllimləri üçün sertifikasiya imtahanına az vaxt qalıb və bu həm də bir ölçü meyarıdır. Müəllim kadrlarının bilik və bacarıqlarının üzə çıxarılması baxımından sertifikasiya ən uyğun variant hesab olunur.
Gələcəkdə müəllimlərin pedaqoji bilikləri, psixoloji yanaşmaları və metodiki bacarıqları müasir dövrün tələblərinə cavab verirmi sualı da müəyyən qədər aydınlıq qazanır. Elm və Təhsil Nazirliyinin açıqlamasında bildirildiyi kimi, pedaqoji kadrlar bundan sonra yalnız ali təhsil səviyyəsində hazırlanacaq. Bu, onu göstərir ki, ibtidai sinif müəllimləri yalnız ali təhsilli şəxslər arasından yetişdiriləcək.
Bugünkü günə qədər verilmiş diplomlarla bağlı problem olmayacaq, amma gələcəkdə yalnız ali təhsil bazasından ibtidai sinif müəllimi yetişdiriləcək. Bu da müəllimlərin qəbul prosesindən keçməsinin onların bilik və bacarıqlarına ümid etməyə əsas verdiyini göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə