10 sentyabr 2025-ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Sosial Xidmətlər Agentliyi, və “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Uğura Gedən Yol Əngəl Tanımır” adlı Bilik Günü tədbiri uğurla baş tutub. SİA xəbər verir ki, tədbirin məqsədi fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların — autizmli, Daun sindromlu, koxlear implantlı, görmə və eşitmə məhdudiyyətli, əlil arabasında olan və digər qrupların — cəmiyyətə inteqrasiyasını dəstəkləmək, onların istedadlarını nümayiş etdirmək və ictimaiyyətin diqqətini inklüziv yanaşmaya yönəltmək idi.
Tədbir çərçivəsində uşaqların əl işlərindən ibarət sərgi təşkil olundu, dövlət qurumları nümayəndələri və millət vəkilləri çıxış ediblər. 1000 nəfərlik auditoriya qarşısında uşaqların bacarıq və istedadları nümayiş olunub, media nümayəndələri üçün press-konfrans və müsahibələr keçirilib. Tədbirdə dövlət qurumları və yerli idarəetmə orqanlarının nümayəndələri, Milli Məclis üzvləri, media qurumlarının təmsilçiləri, valideynlər, ictimaiyyət nümayəndələri və fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqlar iştirak ediblər.
2015-ci ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə koxlear implant əməliyyatı həyata keçirilmiş və bu günədək 750-dən artıq insan bu imkanlardan yararlanmışdır. “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyi eşitmə və digər məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adaptasiyasına dəstək verir. Bu layihə dövlət qurumlarının, ictimaiyyətin və medianın diqqətini sahəyə yönəldərək dayanıqlı sosial dəstək mühitinin formalaşmasına töhfə verib.
Tədbir nəticəsində fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqlar özünəinamlarını artırdılar, cəmiyyətin inklüzivliyə yanaşmasında müsbət dəyişikliklər müşahidə olunub, media vasitəsilə mövzuya dair maarifləndirmə aparıldı və dövlət qurumları, ictimai birliklər və ictimaiyyət arasında əməkdaşlıq platforması möhkəmlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə