Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üzrə iş planı təsdiqlənib
Milli Məclisinin Elm və təhsil komitəsinin 2025-ci il payız sessiyası üçün iş planı təsdiq olunub. SİA xəbər verir ki, komitənin sədri Anar İsgəndərovun sədrliyi ilə keçirilən iclasda qarşıdakı sessiya müddətində nəzərdə tutulan əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Vurğulanıb ki, yeni iş planı ölkədə təhsil siyasətinin təkmilləşdirilməsi, elmi fəaliyyətin inkişaf etdirilməsi və bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədilə hazırlanıb.
İş planına əsasən, cari sessiya çərçivəsində bir ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur. A.İsgəndərov bildirib ki, bu dinləmə ümumtəhsil müəssisələrində istifadə olunan dərsliklərin – xüsusilə Azərbaycan dili, ədəbiyyat və tarix fənləri üzrə dərsliklərin məzmunu və metodoloji yanaşmaları ilə bağlı olacaq. Dinləmə zamanı mövcud dərsliklərin elmi-pedaqoji səviyyəsi, onların tədris prosesinə təsiri, tarix və ədəbiyyatın milli identitetin formalaşmasındakı rolu kimi məsələlərin müzakirəsi planlaşdırılır.
Komitə sədri əlavə edib ki, ictimai dinləmə prosesinə təhsil ekspertləri, ali təhsil müəssisələrinin mütəxəssisləri, müəllimlərin də cəlb olunması nəzərdə tutulur. Bu, dərsliklərin hazırlanması və qiymətləndirilməsi prosesində ictimai nəzarətin gücləndirilməsi, eləcə də təklif və iradların operativ şəkildə toplanaraq nəzərə alınması baxımından mühüm əhəmiyyət kəsb edir.
Komitə sədri diqqətə çatdırıb ki, Elm və təhsil komitəsi tərəfindən müəyyənləşdirilən bu iş planı, ölkənin təhsil sistemində keyfiyyətin yüksəldilməsi, elmi fəaliyyətin stimullaşdırılması və milli-mənəvi dəyərlərə əsaslanan tədrisin təşviqi istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə