UNEC: Milli dildə keyfiyyətli təhsil modeli

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) milli dildə təhsil verən, eyni zamanda, beynəlxalq standartlara uyğun səriştələrə malik məzunlar yetişdirən keyfiyyətli təhsil modeli tətbiq edilir.

SİA-nın məlumatına görə, Universitetdən bildirilib ki, bu model çərçivəsində ana dilində yüksəksəviyyəli təhsil təmin olunmaqla yanaşı, tələbələrin xarici dildə sərbəst ünsiyyət və peşəkar bacarıqlara yiyələnməsi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.

UNEC-in rektoru professor Ədalət Muradov bu istiqamətdə əldə olunan nəticələri və qarşıya qoyulan hədəfləri müzakirə etmək məqsədilə xarici dilləri tədris edən müəllimlərlə görüşüb.

Rektor çıxışında qeyd edib ki, UNEC milli dildə yüksəkkeyfiyyətli təhsil verməklə, tələbələrinin müasir bilik və bacarıqlara yiyələnməsini hədəfləyir: “Məqsədimiz milli dildə təhsili qorumaqla, beynəlxalq təhsil standartlarına uyğunluğu özündə birləşdirən keyfiyyətli təhsil modelini tətbiq etməkdir. Bu yanaşma tələbələrə ana dilində keyfiyyətli təhsil almaqla yanaşı, onların qlobal əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi yetişməsinə zəmin yaradacaq”.

Professor Ədalət Muradov əlavə edib ki, müasir dövrdə seçdiyi sahə üzrə peşəkar mütəxəssis olmaq, uğurlu karyera qurmaq və beynəlxalq əmək imkanlarından faydalanmaq üçün xarici dili, xüsusilə ingilis dilini bilmək artıq zərurətə çevrilib. Bu baxımdan, xarici dilin tədrisi UNEC-də bacarıq kimi deyil, təhsilin ayrılmaz hissəsi kimi qəbul edilib.

Görüşdə Xarici dillər departamentinin 2024/2025-ci tədris ili üzrə fəaliyyəti barədə hesabat təqdim olunub. Departamentin direktoru dosent Aysel Xəlilova çıxışında görülmüş işlər, əldə olunmuş nəticələr və qarşıya qoyulan hədəflər barədə məlumat verib.

Hesabatdan sonra milli dildə keyfiyyətli təhsil modelinin təkmilləşdirilməsi məqsədilə bir sıra təkliflər irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə