"Təhsilin pullu olması məsələsi cəmiyyətdə daim müzakirə mövzusu olub və əsasən bərabər imkan prinsipinə nə dərəcədə uyğun gəlib-gəlməməsi ilə bağlı suallar doğurur. Əslində, bərabər imkan prinsipi ondan ibarətdir ki, hər bir fərd, sosial mənşəindən, ailəsinin maliyyə vəziyyətindən və ya yaşadığı regiondan asılı olmayaraq keyfiyyətli təhsilə çıxış imkanı əldə etməlidir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.
Onun sözlərinə görə, təhsilin tamamilə pullu olması müəyyən mənada həmin prinsipə zidd hesab oluna bilər. Çünki ödənişli təhsil sistemi imkanlı ailələrin övladlarına üstünlük verir, imkanları məhdud olan ailələrdən çıxan gənclərin isə keyfiyyətli təhsilə çatım imkanlarını məhdudlaşdırır: "Lakin burada vacib nüanslardan biri ondan ibarətdir ki, bir çox ölkələrdə təhsil tamamilə pullu deyil, həm dövlətin maliyyələşdirdiyi pulsuz və ya qismən subsidiyalı təhsil formaları, həm də paralel olaraq pullu təhsil formaları mövcuddur. Bu, müxtəlif sosial təbəqələrə uyğun seçim imkanı yaradır. Əgər dövlət təhsil sistemində balanslı mexanizmlər tətbiq olunursa - yəni imkansız tələbələr üçün təqaüdlər, güzəştli kreditlər, sosial dəstək proqramları mövcuddursa o zaman pullu təhsil bərabər imkan prinsipinə tam zidd olmur. Əksinə, bu zaman həm dövlətin yükü azalmış olur, həm də təhsildə keyfiyyət rəqabəti formalaşır.
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, təhsil yalnız bilik əldə etmə vasitəsi deyil, həm də sosial mobilizasiya alətidir. Yəni təhsil fərdlərə daha yaxşı həyat şansı qazandırır. Əgər bu imkandan yalnız varlı ailələrin övladları istifadə edə bilirsə, o zaman cəmiyyətdə sosial təbəqələşmə daha da dərinləşir. Bu isə uzunmüddətli dövrdə həm sosial ədalət, həm də iqtisadi inkişaf üçün risklər yaradır. Beləliklə, təhsilin tamamilə pullu olması bərabər imkan prinsipinə ziddir. Amma əgər dövlət təhsil sistemində balansı qoruyur, imkanlı və imkansız ailələrin övladları üçün alternativlər yaradırsa, təhsil sahəsində həm rəqabət, həm də ədalət təmin oluna bilər. Əsas məsələ, təhsil sistemində hər kəs üçün keyfiyyətli və əlçatan imkanların qorunmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə