"Yerli ali təhsil müəssisələrinin reytinq göstəriciləri ilə bağlı yazılanlar və deyilənlər çox da birmənalı qarşılanmır. Hər dəfə universitetlər öz reytinq cədvəllərində irəliləmələrini elan etdikdə və ya Elm və Təhsil Nazirliyi, yaxud onun tabeliyində olan Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən müəyyən statistika açıqlananda bu, bəzi şəxslər tərəfindən az qala istehza ilə qarşılanır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nurizadə deyib.
O bildirib ki, reytinq cədvəllərində universitetlərimizin uğurları haqqında deyilənlər bəzi tədqiqatçılar və təhsil ictimaiyyətində olan şəxslərin nəzərində tam real göstəricilər kimi qəbul olunmur: "Məsələyə qeyri-loyal yanaşanlar, bu uğurları “qara uğur” kimi adlandıranlar və bunu müəyyən arqumentlərlə əsaslandırmağa çalışanlar da var. Reytinq cədvəlləri açıqlananda və ya universitetlərin PR komandaları tərəfindən sosial şəbəkələrdə paylaşılarkən bu cür ironik yanaşmalara tez-tez rast gəlinir.
Əslində, bir çox universitetlərimizin bu istiqamətdə atdığı müsbət addımlar, əldə etdiyi yeniliklər və ötən illərlə müqayisədə aradan qaldırdığı nöqsanlar kifayət qədərdir. Lakin buna baxmayaraq, düşünmürəm ki, hər hansı universitetimiz bir il ərzində ildırım sürəti ilə reytinq göstəricilərində kəskin irəliləyiş əldə edə bilsin. İrəliləyiş mümkündür, amma bu, çox böyük səviyyədə olmur. Çünki reytinq cədvəllərinə düşmək üçün çoxsaylı şərtlər mövcuddur və bu şərtlərlə tanış olduqda görürük ki, universitetlərimizin həmin mərhələyə çatmasına hələ zaman var.
Reallıq isə odur ki, universitetlərimiz özlərini ildırım sürəti ilə irəliləmiş kimi təqdim etmirlər. Məsələn, deyilir ki, 2000 universitet arasında biz də varıq. Sumqayıt Dövlət Universiteti elan etmişdi ki, ilk dəfə bu siyahıya düşüb. Bu, müəyyən meyarlarla müəyyən olunur. Elə universitetlərimiz var ki, reytinqdə yer almayan universitetlərdən əslində daha güclüdürlər. Məsələn, Bakı Ali Neft Məktəbi. Hamı bilir ki, ən yüksək bal toplayan abituriyentlərin böyük əksəriyyəti bu universiteti seçir, amma o, reytinq sıralamasında yoxdur. Çünki orada reytinq meyarları fərqlidir.
Ona görə də bəzən düşünmək lazım deyil ki, reytinq göstəricisi hər şeyi əks etdirir. Meyar amili universiteti irəli daşıya bilər. Bakı Dövlət Universiteti illərdir ki, bu reytinqlərdə ön sırada yer alır. Kimlərinsə fikrincə, Bakı Dövlət Universiteti ölkənin ən güclü ali məktəbi olmaya bilər, amma reytinq cədvəllərində bu belə görünür. Çünki bəzi indikatorlara cavab verir: elmi məqalələrin sayı, beynəlxalq indeksli jurnallarda nəşrlər və s. Beləliklə, bu sahədə hələ ciddi araşdırmalara ehtiyac var və biz hələ ki, reytinqlər haqqında ürəkdolusu danışa bilmirik".
Bütün xəbərlər Facebook səhifəmizdə